
Göyçay Rayon Mərkəzi Xəstəxanasında həmişə olduğu kimi, yenə də şəkərli-diabet xəstələri dərman preparatlarını almaqda çətinlik çəkirlər. Təəssüflər olsun ki, bu hal getdikcə daha da artmaqdadır.
Hansıki, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:
6.1. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Müayinə və müalicənin maliyyələşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir,
7.1. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslər həcmi və keyfiyyət standartları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tibbi yardımla təmin olunurlar,
7.2. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələr) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasının 41-ci maddəsində:
I. Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır.
II. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır.
Sosial şəbəkələr vasitəsilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən, Baş Prokurorluğdan və aidiyyəti orqanlardan, direktor Talıb Məmmədovun və baş həkim Aqşin İsayevin rəhbərliyi altında idarə olunan Göyçay Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin özbaşınalığına son qoyulmasını, şəkərli-diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları ilə vaxtı-vaxtında təmin edilməsini və sözügedən xəstəxanaya ciddi nəzarət olunmasını çox xahiş edirik!