
Ukraynanın qatı tərəfdarı olan ABŞ generalı NATO-nun Avropadakı silahlı qüvvələrinin Komandanı oldu
ABŞ Hərbi Hava Qüvvələrinin generalı Aleksus Qrinkeviç NATO-nun Avropadakı birləşmiş silahlı qüvvələrinin Ali Baş Komandanı (SACEUR) vəzifəsini rəsmi olaraq öz üzərinə götürüb. O, bu vəzifədə general Kris Kavolini əvəz edib. Təyinatı şəxsən prezident Donald Tramp dəstəkləyib və bu qərar 5 iyul tarixində Belçikanın Mons şəhərində yerləşən SHAPE bazasında təsdiqlənib. NATO baş katibi Mark Rutte yeni komandanı salamlayaraq, onun döyüş pilotu təcrübəsini və “hava və digər sahələrdə təhlükələri dərindən anlama qabiliyyətini” xüsusi vurğulayıb.
Qrinkeviç SACEUR-un 21-ci Ali Baş Komandanı olub və bu vəzifəyə təyin olunmaqla ordu generalı rütbəsi alıb. O, 1993-cü ildə ABŞ Hərbi Hava Qüvvələri Akademiyasını bitirib, F-16 və F-22 təyyarələrində xidmət edib, həmçinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin Əməliyyat İdarəsinə rəhbərlik edib. Senatdakı dinləmələr zamanı general Ukraynanın qələbəsinin mümkün olduğunu bildirib, çünki “öz vətənini müdafiə edən hər bir xalq inanılmaz bir qətiyyətlə mübarizə aparır”.
General qeyd edib ki, Ali Baş Komandan kimi onun əsas vəzifəsi Trampa müharibənin başa çatması üçün bütün mümkün ssenariləri təqdim etməkdir. Onun sözlərinə görə, prezident açıq şəkildə bildirib ki, məqsədi atəşkəsə nail olmaq və münaqişəni dayandırmaqdır. “Mənim borcum — bu məqsədə çatmağa imkan verəcək bütün variantları hazırlamaqdır,” — deyə Qrinkeviç vurğulayıb.
Qrinkeviçin kökləri Rusiya İmperiyasına gedib çıxır. The Moscow Times yazır ki, onun babası İlya 1899-cu ildə indiki Belarus ərazisindən ABŞ-a köçüb, nənəsi isə litvalı olub.
Azadlıq qəzeti