
TƏBİB-in “Mentor Klinika” layihəsi çərçivəsində tibb müəssisələrinə baxış keçirilib.
TƏBİB-in “Mentor Klinika” layihəsi çərçivəsində Respublika Klinik Xəstəxanasının rəhbərliyi və işçi qrupu Şamaxı, Qobustan rayon mərkəzi xəstəxanalarında, Sumqayıt Tibb Mərkəzinin rəhbərliyi və işçi qrupu isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında olublar.
Respublika Klinik Xəstəxanası, Şamaxı, Qobustan, İsmayıllı və Ağsu rayonlarının direktorlarının da iştirak etdiyi görüşdə tibb müəssisələrinin mövcud problemləri və gələcək fəaliyyət istiqamətləri ətrafında geniş müzakirələr aparılıb. Daha sonra tibb müəssisələrinin fəaliyyəti ilə yerində tanışlıq məqsədilə müəssisələr ziyarət olunub, birgə monitorinq həyata keçirilib.
Eyni zamanda layihə çərçivəsində Sumqayıt Tibb Mərkəzinin rəhbərliyi və işçi qrupu tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına səfər olunub. Səfərin məqsədi klinik xidmətlərin təkmilləşdirilməsi, idarəetmə təcrübəsinin paylaşılması və tibbi heyətin peşəkar inkişafına dəstək göstərmək olub.
Səfər çərçivəsində iki tibb müəssisəsi arasında əməkdaşlığın gücləndirilməsi, klinik protokolların optimallaşdırılması və idarəetmədə müasir yanaşmaların tətbiqi istiqamətində fikir mübadiləsi aparılıb. Həmçinin tibbi heyətin bilik və bacarıqlarının artırılması məqsədilə təlim və mentorluq mexanizmlərinin tətbiqi nəzərdə tutulub.
Qeyd edək ki, TƏBİB-in “2025-2027-ci illər üzrə Strateji Plan”ına uyğun olaraq əhalinin tibbi xidmətlərə əlçatanlığını təmin etmək və səhiyyə sisteminin səmərəliliyini artırmaq məqsədilə “Mentor Klinika” layihəsinin icrasına başlanılıb. “Mentor Klinika” layihəsinin məqsədi regionlarda əhalinin yüksək keyfiyyətli, əhatəli və əlçatan tibbi xidmətlə təmin olunmasını gücləndirməklə, ölkə üzrə səhiyyə sistemində balanslı inkişafı təşviq etmək və Bakı şəhərinə olan pasiyent axınını azaltmaqdır. Layihənin hədəfi isə region xəstəxanalarının kliniki baxımdan gücləndirilməsi, özünü maliyyələşdirmə qabiliyyətinin yüksəldilməsi, xidmət sayının və çeşidliliyinin artırılmasıdır.
Hazırda tibb müəssisələrində göstərilən xidmət sayı Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə 55 %, regionlar üzrə isə 45 % təşkil edir. Layihə çərçivəsində TƏBİB-in tabeliyində olan Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə bir neçə xəstəxananın mentor klinika statusu alaraq müəyyən edilmiş region xəstəxanalarına bilavasitə dəstək göstərməsi nəzərdə tutulub. Bu mentorluq çərçivəsində həkimlərin regionlarda fəaliyyət göstərməsi, tibb bacılarının təlimi, tibbi xidmət çeşidinin artırılması və idarəetmə üzrə konsultativ dəstək planlaşdırılır.
Qeyd edək ki, layihənin ilkin pilot mərhələdə 1 il müddətində həyata keçirilməsi nəzərdə tutulub.