Zar kəndində küllü miqdarda vergidən yayınma – Anar Məmmədovun rəhbərlik etdiyi tikinti şirkətində ciddi qanun pozuntusu

Kəlbəcərin yenidən qurulan Zar kəndində aparılan tikinti proseslərində son vaxtlar çoxsaylı qanunsuzluqlar barədə məlumatlar daxil olur. Həmin məlumatlardan biri də əməkhaqqı ilə bağlıdır. Belə ki, kənddə min manat maaşla işləyən işçilərin yalnız 500 manatı bank kartına köçürülür, qalan 500 manat isə onlara nağd şəkildə – əlbəəl verilir. Bu fakt ciddi vergidən yayınma halı kimi qiymətləndirilir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, bu cür hallarda Cinayət Məcəlləsinin 213-cü maddəsi – vergidən yayınma tətbiq edilə bilər. Külli miqdarda vergidən yayınma sübuta yetirilərsə, məsul şəxslər barəsində ciddi hüquqi tədbirlər görülə bilər.

Məlumatlara görə, bu qanunazidd əməli həyata keçirən tikinti təşkilatına əvvəllər Anar Məmmədov rəhbərlik edib. Lakin son vaxtlar şirkətin sənədləri formal olaraq Əbülfət adlı başqa bir şəxsin adına keçirilib. Bəzi iddialara görə, bu dəyişiklik məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Anar Məmmədovun isə hələ də faktiki rəhbərliyi davam etdirdiyi, bütün qərarları verdiyi bildirilir. Onun adı daha əvvəl də işçilərə qeyri-rəsmi maaş vermək, şəffaflığa qarşı çıxmaq və kəndin ictimai nəzarətinə maneə yaratmaq kimi hallar ilə gündəmə gəlib.

Müvafiq qurumların – Dövlət Vergi Xidməti, Əmək Müfəttişliyi və Baş Prokurorluğun bu məsələni ciddi şəkildə araşdırması və ictimaiyyətə şəffaf məlumat təqdim etməsi vacibdir.

Qeyd edək ki, Azərbaycan Respublikasında əməkhaqqının yalnız bir hissəsinin kartla verilməsi, qalan hissəsinin isə nağd şəkildə ödənməsi, əmək hüquqlarının pozulması ilə yanaşı, dövlətin vergi sisteminə də ağır zərbə vurur.

İctimaiyyətin və media qurumlarının bu məsələyə diqqət yetirməsi, həm işçilərin hüquqlarının qorunması, həm də dövlətin maraqlarının təmin olunması baxımından son dərəcə vacibdir.


Yazı müəllifi:
Səxavət Kəlbəcərli –
Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü,
Prezident təqaüdçüsü,
Zar kəndinin bərpası layihəsində ictimai nəzarətçi və jurnalist,
II çağırış parlament seçkilərində deputatlığa namizəd olmuş ictimai fəal.