Millət vəkilinə məxsus Şahdağ oteldə hüquqlar tapdanır? – Millət vəkili məzuniyyətdə öz biznesinə şəxsən nəzarət etdiyi iddia edilir.

Azərbaycan Respublikasının qanunlarına, insan hüquqları prinsiplərinə və sosial ədalətə zidd olaraq, Quba rayonunda yerləşən Şahdağ oteldə və ona bağlı istirahət obyektlərində əmək hüquqlarının kütləvi şəkildə pozulması müşahidə olunur. Bu müəssisənin birbaşa sahiblik və idarəetmə strukturu isə hal-hazırda məzuniyyətdə olan Quba rayonunun millət vəkili Əlibaba Məhərrəmzadə ilə bağlıdır.

Təəssüf doğuran hal odur ki, vətəndaşların hüquqlarını müdafiə etməli olan millət vəkili, məzuniyyətini istifadə edərək, şəxsi biznesinə özü şəxsən nəzarət edir və işçilərə qarşı tətbiq olunan bu istismar rejiminin davam etməsinə bilavasitə şərait yaradır.
Fizioterapiya şöbəsində insan həyatı üçün təhlükəli iş şəraiti

Sanatoriyanın fizioterapiya şöbəsində çalışan tibb işçiləri səhər saat 09:00-dan axşam saat 18:00-dək fasiləsiz, naharsız və dincəlmədən işləməyə məcbur edilirlər. Uzunmüddətli ayaqüstə və gərgin rejimlə çalışmaq nəticəsində nəfəs çatışmazlığı, təzyiqin yüksəlməsi, şəkərin enməsi kimi hallar dəfələrlə qeydə alınıb. Lakin bu hallar rəsmən sənədləşdirilmir və rəhbərlik tərəfindən qulaq ardına vurulur.

Sanatoriyaya bağlı fəaliyyət göstərən restoranda işçilər səhər saat 08:00-dan gecə saat 23:00-dək, yəni gündə 15 saat işləməyə məcbur edilirlər. 400-500 nəfərlik qonaq axınını cəmi 4 ofisiant qarşılamalı olur. Onlara yalnız yarım saatlıq iki oturma icazəsi verilir – nahar və axşam yeməyi zamanı. Qalan saatlarda fasilə yoxdur. Bütün bu ağır rejimə görə verilən əmək haqqı isə cəmi 400 AZN-dir.

Bu iş rejimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin bir neçə maddəsini (xüsusilə maddə 89 – İş vaxtının normal müddəti, maddə 98 – İstirahət hüququ, maddə 173 – Sağlamlıq üçün təhlükəli şəraitdə iş) kobud şəkildə pozur. Eyni zamanda bu hal mülki və cinayət məsuliyyəti doğuracaq səviyyədə hüquq pozuntusudur.

Təzyiq, qorxu və səssizlik

İşçilər işdən çıxarılmaq qorxusu ilə susmağa məcbur edilirlər. Sağlamlıqları və hüquqları pozulan bu insanlar kasıbçılıq və işsizlik fonunda istismara razı qalmağa məcbur olurlar. İşdən şikayət edən şəxslərə isə psixoloji təzyiqlər göstərilir, dolayısı ilə xəbərdarlıq edilir.

Video sübutlar və ictimai məsuliyyət

Sanatoriyada və restoran ərazisində tam müşahidə kameraları sistemi mövcuddur. Bu da o deməkdir ki, bütün qanunsuz əməliyyatlar vizual sübutlarla təsdiq edilə bilər. Əgər müvafiq dövlət qurumları istəsə, həqiqətləri aydınlaşdırmaq üçün yalnız lentləri izləmək kifayətdir.

MÜVAFİQ QURUM VƏ CƏMİYYƏTƏ ÇAĞIRIŞ

Biz aşağıdakı dövlət qurumlarını və ictimai təşkilatları bu məsələ ilə dərhal və operativ şəkildə maraqlanmağa çağırırıq:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Əmək Müfəttişliyi Xidməti

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman)

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsi
“Millət vəkili” adı altında fəaliyyət göstərən şəxsin vəzifədən sui-istifadə edərək öz biznesində vətəndaşları istismar etməsinə, onları hüquqsuz və səhhətləri üçün təhlükəli şəraitdə işləməyə məcbur etməsinə dərhal hüquqi qiymət verilməlidir.
Bu məsələ təkcə əmək hüququnun pozulması deyil – dövlətə, qanuna və insani dəyərlərə açıq meydan oxumaqdır. Biz susduqca bu haqsızlıq böyüyür. Bu səbəbdən də ictimaiyyətin susmaması, medianın və hüquq-mühafizə orqanlarının dərhal müdaxilə etməsi vacibdir.

Redaksiyadan: Mövzu ilə bağlı araşdırmalarımız davam edir.Qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq.