
İsrail Türkiyənin geosiyasi güclənməsindən narahatdır.
Əsəd rejiminin çöküşündən sonra, Suriyada yeni reallıqlar yaranıb və aktorların sayı və güc balansı dəyişsə də, yeni aktorların arasında yeni toqquşmalar yaranıb. Söhbət ilk növbədə Türkiyə və İsraildən gedir.
Yeni Suriya hakimiyyəti ABŞ-dan sanksiya rejimini yumşaldılması üçün yerinə yetirilməli olan tələblərin siyahısını aldı.
Amerikalılar Suriya Ərəb Respublikasından qalan bütün kimyəvi silah ehtiyatlarını məhv etməyi, xarici üsyançıların Suriya hökumətində rəhbər vəzifələr tutmasını qadağan etməyi və terr*rizmlə mübarizədə Suriya hakimiyyətinin əməkdaşlıq etməsini tələb edirlər.
Əgər Suriya bu şərtləri yerinə yetirərsə, Tramp administrasiyası Suriyaya qarşı sanksiya rejimini yumşaldacaq.
2025-ci ilin yanvarında Bayden Suriya tətbiq olunan bəzi maliyyə sanksiyalarını ləğv etdi, söhbət enerji resursları ilə əməliyyatlara toxunan sanksiyalardan gedir.
Bundan sonra Avropa İttifaqı da enerji və nəqliyyat sahələrində sanksiyaları yumşaltdı.
2011-ci ildə başlayan vətəndaş müharibəsindən əvvəl Suriya iri neft ixracatçısı idi. Hazırda isə mövcud hakimiyyətin bir çox neft yataqları üzərində nəzarəti yoxdur. Bu yataqlar Suriyanın şimal-şərqində yerləşir və rəsmi Dəməşqə tabe olmayan kürd qüvvələrinin nəzarəti altındadır.
Tramp administrasiyası tərəfindən irəli sürülən bu şərtlər, əvvəllər ABŞ Senatında irəli sürülən tələblərdən fərqlənir. Senatın Xarici Əlaqələr Komitəsinin sədri respublikaçı senator Cim Riş və onun həmkarları bundan əvvəl Suriyanın yeni hökumətindən Rusiyanın Tartus və Hmeymim hərbi bazalarına buraxılmamasını tələb edirdilər. Riş əmin idi ki, Rusiyanın Aralıq dənizindəki Tartus limanından istifadə etməsi Vaşinqton və onun müttəfiqləri üçün təhlükə yarada bilər.
Cim Rişin təklifinsən sonra İsrail və ABŞ arasında bu məsələ ətrafında ciddi diplomatik danışıqlar getməyə başladı.
Netanyahu administrasiyası Ağ Evi Rusiyanın Suriyada təhlükəsizlik zəmanətçisi ola biləcəyinə inandıra bilib.
Bayden administrasiyası, Suriyada təhlükəsizlik və sabitlik qarantı rolunda Türkiyəni görsə də, Tramp administrasiyasının baxışı tamamilə fərqlidir və bu məsələnin kökündə, İsrailin Suriya kimi strateji əhəmiyyət daşıyan coğrafiyada Türkiyənin güclənməsindən ehtiyat etməsi və bu səbəbdən də, Ağ Evə təsir etməsi dayanır.
Bundan əlavə, İsrail ordusu və kəşfiyyat nümayəndələri bu məsələləri müzakirə etmək üçün məsləhətləşmələr keçiriblər. “Türkiyənin təsirinə qarşı çıxmaq üçün” onlar Rusiyanın bazalarının saxlanması qərarını veriblər.
Mart ayının əvvəlində baş nazir Benyamin Netanyahuya ən yaxın hərbi müşavirlərdən biri olan Roman Qofman Moskvaya səfər edib. Onun səfərinin məqsədi təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi olub, xüsusilə də Suriya böhranı fonunda.
İsrail Suriyanın zəif və mərkəzləşdirilməmiş qalmasını istəyir, buna görə də o, Rusiyanın hərbi bazalarının ölkədə saxlanılmasında israr edir.
Tel-Əvivdə əmindirlər ki, Rusiyanın Suriyadan çıxması “Hmeymim və Tartus bazalarının Ankaranın nəzarətinə keçməsinə” səbəb ola bilər.
Eyni zamanda, İsrail hakimiyyəti Suriya və Türkiyə arasında müdafiə sazişinin bağlanmasına mane olmağa çalışır.
Kamran Cəfərov politoloq