İsmayıllı şəhəri “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsi və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Qəhrəmanlıq ruhunun və mübarizə əzminin nümayişi: Aprel döyüşləri” mövzusunda tədbir keçirilib.

Tədbirdə İsmayıllı RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Nəsimi Teymurov, DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Aydın Səmədov, Qafqaz Müsəlmanları İdarəsinin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndəsi Vasif Teymurov, həmçinin şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, gənclər və din xadimləri iştirak ediblər.

Çıxışlar zamanı ölkə gənclərində Vətən, torpaq sevgisinin və vətənpərvərlik hisslərinin yüksək olduğu vurğulanıb. Daha sonra Azərbaycan gəncliyinin yüksək hərbi-vətənpərvərlik ruhu və mənəvi-psixoloji hazırlıq səviyyəsinə malik olduğu qeyd edilib. 2016-cı il aprel döyüşlərində düşmən üzərində qazanılan tarixi nailiyyətin Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsini təşkil etdiyi bildirilib. Eyni zamanda yetişməkdə olan gənc nəslin bu ruhda formalaşmasının və tərbiyə olunmasının, həmçinin elm və təhsilə yiyələnməsinin əhəmiyyəti tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

İsmayıllıRİH