
Tramp dünyaya ticarət müharibəsi elan etdi. Siyahıda Azərbaycan da var
ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlara idxal olunan mallara ötən əsrin əvvəllərindən bəri görünməmiş gömrük rüsumları tətbiq etdiyini açıqlayıb. O, yeni rüsumlarla əlaqədar aprelin 2-sini “Amerikanın qurtuluş günü” elan edib.
Aprelin 5-dən minimal 10 faizlik baza gömrük rüsumu qüvvəyə minəcək. Bu tarixdən əvvəl gəmilərə yüklənmiş mallar, tranzitin son mərhələsindədirsə, tarifə cəlb olunmayacaq. Qalan tariflər aprelin 9-dan işə düşəcək.
Siyahıya 183 ölkə və Aİ daxildir.
Lesoto — 50%
Çin — 34%
Yaponiya— 24%
Avropa İttifaqı — 20%
İsrail — 17%
Türkiyə – 10%
Böyük Britaniya — 10%;
Braziliya — 10%
Çin üçün tarif 54 faiz olacaq, çünki bundan əvvəl Tramp Pekinə 10 faiz rüsum tətbiq edib, sonra onu iki dəfə artırıb.
Rüsumlar bir sıra keçmiş SSRİ ölkələrini də əhatə edir:
Moldova – 31%
Qazaxıstan – 27%
Azərbaycan – 10%
Ermənistan – 10%
Gürcüstan – 10%
Ukrayna – 10%
Türkmənistan – 10%
Qırğızıstan – 10%
Tacikistan – 10%
Rusiya siyahıda yoxdur.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ildə Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin ümumi həcmi illik ifadədə 1.9 dəfədən çox artaraq 1.75 milyard dolları üstələyib. Azərbaycan ötən il Birləşmiş Ştatlara 135 milyon dollarlıq (+8.4 dəfə), ABŞ Azərbaycana 1.61 milyard dollarlıq (+1.8 dəfə) məhsul ixrac edib.
Tramp düşünür ki, ticarət maneələri həm dost, həm də dost olmayan ölkələri ona güzəştə getməyə məcbur edəcək. “Bu gün Qurtuluş günüdür”, – Tramp deyib. “Bu, Amerika tarixində ən mühüm günlərdən biri, Amerika iqtisadi müstəqilliyinin bəyannaməsidir”.
Tramp bir daha Amerikanı yenidən böyük və zəngin edəcəyinə söz verib: “Ölkəmizi 50 ildən çoxdur soyublar. Bu, artıq olmayacaq”.