
Avropa Ukraynanı təkbaşına müdafiə edə bilərmi? Rusiyanın hərb maşınını durdura bilərmi?
Əlbəttə, təkcə Avropa İttifaqı iqtisadi baxımdan Rusiyadan 9 dəfə, Aİ və Böyük Britaniya birlikdə isə 11 dəfə güclüdür. Təkcə Aİ-nın əhalisi Rusiyadan 3 dəfə Aİ, Böyük Britaniya və Ukrayna əhalisi birlikdə isə 4 dəfə artıqdır.
Elm və texnologiya baxımından, o cümlədən daha müasir və dəqiq silahlar istehsal etmək baxımından da Avropa İttifaqı və Böyük Britaniyanın imkanları Rusiyadan müqayisəgəlməz dərəcədə üstündür.
Sadəcə sülhpərvər Avropa son illərədək özünə təhlükə hiss etmirdi. Ona görə də hərbiyə ayıracağı pulu məsələn, sosial müdafiəni, səhiyyəni gücləndirməyə, təhsili pulsuz etməyə, fermerləri dəstəkləməyə yönəldirdilər.
Ancaq son vaxtlar bütün çılpaqlığı ilə aydın oldu ki, Avropanın özünün də ciddi təhlükəsizlik problemi var. Ukraynanın müdafiəsi də Avropa təhlükəsizliyinin bir elementidir. Ukraynanın məğlubiyyəti Avropanın özünə qarşı çox ciddi təhlükələrə yol açacaq.
Ona görə də son vaxtlar beyinlərdə dolaşan sual belə idi: Avropa liderləri Ukraynanı, eləcə də bütövlükdə Avropanı Rusiya təhlükəsindən qorumaq üçün özlərində yetərli iradə və uzaqgörənliyi tapa biləcəklərmi? Artıq aydın olur ki, bəli, Avropa liderləri belə bir uzaqgörənliyə və iradəyə malikdirlər.
Avropa Komissiyasının başçısı Ursula von der Leyen bəyan edib ki, Avropa İttifaqı Avropanın müdafiə qüdrətini daha da gücləndirmək üçün 800 milyard avro vəsait ayırmağa hazırlaşır. 150 milyard avro isə daha operativ qaydada Avropanın Hava Hücumundan müdafiəsini gücləndirmək və Ukraynanın silah ehtiyacını ödəmək üçün ayrılacaq.
Rusiya işğalı qarşısında Ukraynanın arxasız, müdafiəsiz buraxılacağını düşünənlər yenə də tələsmişdilər.