
Siyasi məhbus Ələsgər Məmmədli Dünya Mətbuat Azadlığı Günü münasibətilə təbrik göndərib
“3 may 31 ildir dünyada azad mətbuat günü kimi qeyd edilir. Mən də ömrümün 30 ilə yaxınını medianın azadlığı və müstəqilliyi uğrunda mübarizəyə sərf etmişəm. Media və jurnalistikanın peşəkarlığının formalaşmasına çalışmışam.
Ağır sağlıq problemlərinə baxmayaraq ikinci ildir Media azadlığı gününü təəssüf ki həbsxanada keçirərəm. İstintaqın tamamilə qondarma, böhtan dolu saxta ittihamı ilə hüquqa zidd olaraq cəmiyyətdən təcrid olunmuşam.
Mənim və mənimlə bərabər bu günü həbsdə keçirən Toplum TV, Abzas Media, Meydan TV, Kanal 13 əməkdaşlarının azadlıqlarından məhrum edilməsinin səbəbi ölkədə azad və müstəqil media, peşəkar jurnalistikanın mövcudluğu üçün mübarizə aparmağımızdır.
Jurnalistikaya, azad mediaya töhfə verən mütərəqqi insanları həbsə doldurmaqla azad sözü önləmək mümkün deyil. Bu, günəşi palçıqla suvamağa bənzəyir. Günəş palçıqla suvanmaz!
Azad media üçün çalışan, pülüralist cəmiyyət uğrunda mübarizə aparan bütün jurnalistləri, media sahəsində ixtisaslaşan vətəndaş cəmiyyəti nümayəndələrini təbrik edirəm!
Bütün mərhumiyyətlərə, çətinliklərə baxmayaraq azad, müstəqil, davranışınızadan vaz keçməyin. Yolunuz açıq, qələminiz iti olsun!”
Azadlıq qəzeti