
Ərdoğan nədən səssiz qaldı?
Bəzi soydaşlarım “Türkiyə nə üçün səssiz?” başlıqlı paylaşımımdakı fikirlərə etiraz etmiş, bəziləri isə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Xankəndindən Rusiyaya mesaj verəcəyini yazmışdı. Azərbaycan mediasında da belə fikirklər səslənirdi ki, Ərdoğan Xankəndindən Rusiyaya mesajlar verəcək. Bəziləri isə hətta Ərdoğanın hansı mesajları verəcəyini belə öncədən müəyyən edirdi.
Ərdoğan gəldi və getdi. Ancaq Rusiyanın ünvanına heç bir mesaj səsləndirmədi. Medianın diqqətini çəkən yeganə açıqlaması isə “Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram” oldu. Halbuki, bu açıqlamanın özü belə qüsurludur. Xankəndi Azərbaycanın şəhərlərindən biridir və heç bir xüsusi statusu yoxdur.
Duyğusal, ağlı ilə deyil, duyğuları ilə münasibət bildirən, bilgi sahibi olmadan fikir sahibi olmağa cəhd edən soydaşlarımızdan fərqli olaraq Ərdoğanın Rusiyanın ünvanına kəskin fikir bildirməyəcəyinə əmindim. Bunun səbəbi isə çoxdur. Buraya Avrasiyada formalaşmış münasibətlər sistemi ilə yanaşı bu günki Rusiya-Türkiyə ikitərəfli müansibətlərindəki nüanslar daxildir.
Ən son nüanslar isə ondan ibarətdir ki, Putinin Ərdoğanı şantaj etməyə başladığını göstərən məlumatlar yayılır. Belə ki, Rusiyanın Rosatom şirkətinin Türkiyənin Mersin şəhərində inşa etmək istədiyi Akkuyu Atom Elektrik Stansiyasının tikintisndən çıxmaq istədiyi haqqında məlumatlar yayılır. Məlumatlara görə, Rosatom Akkuyu AES-də 49 faizilik payını satmaq istəyir. Məlumatlara görə, Rosatom payımı 12.3 milyard dollar olaraq dəyərləndirir.
Putinin şantajı bununla da bitmir. Məlumatlara görə, Putin Qazprona borcu olanların borclarını oktaybr ayına kimi ödəmələrini istəyir. Bu isə ilk növbədə Türkiyəyə qarşı yönəlib. Türkiyənin Rusiyaya qaz borcunu 2023-cü ildə, prezident seçkiləri ərəfəsində Ərdoğana dəstək olaraq Moskva təxrə salmışdı. Əgər o zaman Moskva borcunu ödəməyi tələb etsəydi bu Türkiyədə iqtisadi böhranı dərinləşdirə, Ərdoğanın mövqelərini zəiflədə bilərdi.
O zaman borcun 20-23 milyard dollar arasında olduğu iddia edilirdi. Türkiyənin o zaman Enerji və Təbii Qaynaqlar naziri olan Fatih Dönməz Rusiyanın Ankaranın ödəməli olduğu borcu təxrə saldığını təsdiqləsə də, borcun nə qədər olduğunu açıqlamaqdan imtina etmişdi. Bu gün də bu borcun nə qədər olduğu haqqında rəsmi məlumatlar yoxdur. Türkiyənin müstəqil jurnalistləri və təhlilçiləri bu borcun 25-27 milayrd dollar arasında olduğu qənaətindədirlər. Türkiyənin iqtisadçı ekspertləri bildirirlər ki, Qazprom-un borcunu ödəmək və Rosatom-un hissə sənədlərini almaq üçün Ankaraya 40 milyard dollar tapmalıdır. Bu pul isə yoxdur. Üstəlik, məsələ bu pulları ödəməklə də həll olunmur. Rosatom-un yarıda atmaq istədiyi Akkuyu AES-in tikintisini hansı şirkət davam etditə biləcəyi və Stansiya işə düşdükdən sonra nüvə yanacağı ilə təmin edəcəyi kimi sualların cavabı yoxdur. Digər tərəfdən Ankara Rusiya qazını əvəz etmək üçün alternativ mənbəyə malik deyil. Heç şübhəsiz ki, bütün bunlar Ankaranın Moskvaya yönəlik siyasətinə ciddir təsir edir.
Bütün bu vəziyyətlərdən çıxış yolu var. Bu yol dünyanın yeganı siyasi və maliyyə gücü olaraq təsnif edilən dövlətin yeni dünya düzəni layihəsini dəstəkləməkdən keçir. Bu layihə Türkiyənin mövqeyini gücləndirəcəyi kimi Böyük Azərbaycanın yolunu açacaq və Mərkəzi Asiyanı Çindən qoruyacaq.
Xəqani Cəfərli politoloq