Qarabağ problemi və Trampın Nobel mükafatı istəyi

“Yaxın vaxtlarda Almaniyanın kansleri olacağı gözlənilən Fridrix Mers ötən cümə ABŞ və Ukrayna prezidentləri arasında baş verənləri Amerika tərəfinin “təxribatçı gərginliyi” adlandırdı. Çox sərrast dəyərləndirmədir.

O, qeyd edir ki, Ukrayna prezidenti Zelenski ilə ABŞ prezidenti Tramp və vitse-prezidenti Vens arasında mübahisənin vidosuna bir neçə dəfə baxıb və xüsusilə Oval (dairəvi) kabinetdə cərəhayn edən mübahisənin tonundan çox təəccüblənib. Onun fikrincə Vaşinqtonda baş verənlər işə kömək etmir.

İki həftə əvvəl Bundestaq seçkilərində qələbə çalab Xristian Democrat və Xristian Sosialistlərin lideri Avropa idarəçilərini kontinentin təhlükəsizliyinə daha çox vaxt ayırmağa çağırıb. Və o, deyib ki, amerikalıları Avropada saxlamaq üçün bütün mümkün olanları etmək lazımdır.

Fransanın Baş naziri Fransua Bayru isə Ağ evdə baş verənləri Ukrayna liderini alçaltmaq məqsədi ilə təşkil olunan və qəddarlığı ilə yadda qalan “sarsıdıcı səhnə adlandırıb. Bayru bunu Zelenskini təcavüzkarların tələblərinə tabe olmaq üçün ona göstərilən təhdid kimi qiymətləndirir. Kir Starmer və Makronun da mövqeləri ortadadır.

Şübhəsiz ki, Oval kabinetdə baş verənlər Ukraynaya arxadan zərbədir, dəhşətlidir, heyrətamizdir. Görüşün videosu yayılan axşam dostlarla müzakirələrdə bunun ikinci Münxen olduğun dedim. Ən azı 5-6 söhbətdaşım bunu təsdiq edə bilər.

Amma bu Münxendən daha təhlükəlidir. Münxendə Çexoslovakiyanın yalnız Sudet vilayətinin Almaniyaya verilməsindən söhbət gedirdi, burada bütün Ukraynanın Rusiyaya təslim edilməsindən söhbət gedir. Şübhəsiz ki, beynəlxalq münasibətlər leksikonunda desək bu “xəyanət aktı”dır.

1938-ci ilin 29-30 sentyabrında keçirilən Münxen “konfransı”nda haqqında jurnalistlərdən biri yazırdı ki, bu qəribə konfransda 4 nəfər (Hitler, Mussolini, Çemberlen və Daladie) iştirak edir, iki nəfər (Hubert Masarik və Voytex Mastnı) qapı arxasında gözləyirdi. Bu qəribə konfrans haqqında jurnalistlərdən biri yazırdı ki, Münxendə müzakirə yox idi, sadəcə bir nəfər qudurmuş it kimi hər tərəfə hürür (Hitler), biri ona quyruq bulayır (Mussolini), ikisi sakitcə gözlərini döyürdü.

Hitler Avropanı müharibə ilə təhdid edirdi. Sudet verilməsə müharibə edəcəyini bəyan edirdi. Çemberlen və Daladie guya müharibədən qaçmaq üçün Sudeti qurban verdilər. Çexoslovakiya prezidenti Eduard Beneş şərtləri qəbul etdi, sənədi imzaladı. Çemberlen və Daladie öz ölkələrinə gələndə Münxen sazişini aeroportda jirnalistlər qarşısında nümayiş etdirib dedilər “Biz süzə sülh gətirmişik!” Lakin nə qədər çəkdi bu sülh?

Təəssüf ki, Tramp da “sülh” demaqogiyası altında, üçüncü dünya müharibəsini “önləmək” adı altında bu oyunu çıxarır. Münxen dünyaya nə qədər sülh vəd etmişdisə, Oval kabinetdə baş verənlər də bir o qədər “əmin-amanlıq” vəd edir. İndi bütün Avropa rus təcavüzü ilə üz-üzə dayanmışdır.

Oval kabinetdə baş verənlərin Münxendən bir mühüm fərqi var. 1938-ci ilin sentyabrın 30-da Beneşin etdiyi səhvi Zelenski etmədi. Trampın, Vensin avantürasına, Mark Rubionun təzyiqlərinə baxmayaraq Zelenski sınmadı, heç bir sənəd imzalamadı, heç bir öhdəlik götürmədi. Zelenski Beneşdən daha praqmatik və cəsarətli çıxdı. Yeri gəlmişkən Emmanuel Makron və Kir Starmer də öz sələflərindən. Doğrusu ilk dəfə idi ki, Zelenskinin KVN təcrübəsi bu görüşdə onun hazırcavablığını və ani qərar (həm də düzgün) qəbul etmək potensialını ortaya qoydu.

Bu günlərdə məlum oldu ki, sülh nominasiyası üzrə Tramp Nobel komitəsində artıq qeydiyyatdan keçib. Ukraynaya “sülh” gətirib, onu Rusiyaya hədiyyə edib Nobel almaq istəyindədir. Baş verənlər həm də Nobel Sülh Mükafatı almağın alt yapısı idi. Zelenski bu oyunu pozdu. Artıq bəri başdan demək olar ki, Tramp Nobel Sülh Mükafatını almayacaq. Amma bunun qisasını Zelenskidən alacaq. Ukrayna bir yana qalsın, 2,5 milyon fələstinlini min illər boyu yaşadığı yurdundan – Qəzzədən deportasiya etmək fikrinə düşmüş birisinə necə Nobel Sülh Mükafatı vermək olar?

Yeri gəlmişkən bu mükafatı Tramp hələ birinci prezidentlyi dövründə “Qarabağa sülh gətirmək” adı altında almaq istəyirdi. 2018-ci ildə nəşr edilmiş “Fear: Trump in the White House” kitabının müəllifi Bob Woodward yazır ki, Vaşinqtondakı Azərbaycan lobbiçiləri Trampın “adamların” inandırmışdılar ki, Qarabağ problemi başa çatmaq üzrədir. Ermənistanla Azərbaycan arasında sülhü bərqərar etməyin zamanı yetişib. Tramp bu məsələni sona çatdırsa onun Nobel Sülh Mükafatı almaq şansı çox böyükdür.

Təcili olaraq Azərbaycan və Ermənistan xarici işlər nazirlərin Vaşinqtona çağırdılar. Lakin müzakirələrin gedişində məlum oldu ki, tərəflər sülh müqaviləsi imzalamaqdan çox uzaqdırlar. Və Trampın Nobel almaq arzusu o zaman da fiaskoya uğradı. Bəxtimiz çəkdi, yoxsa bizi də Sudetin taleyi gözləyə bilərdi. (!?)

Cəmil Həsənli
Milli Şuranın sədri.