Hörmətli izləyicilər! Bir neçə gün əvvəl İsmayıllı rayonu Qalınçaq kənd sakini Hacı Şükürovun redaksiyamıza şikayəti daxil olmuşdu.Şikayətçi bildirirdi ki,Qalınçaq meşəbəyliyində 9-saylı dolayda meşəliklər kütləvi şəkildə qırılaraq məhv edilib.Şikayətdə ərazidə yerləşən Qalınçaq,Mücəftəran,Vəng,Göytəpə və sair kəndlərdə əhalinin kömür istehsalı ilə məşğul olduğu iddia olunurdu və bildirilirdi ki,əhali həm yandırmaq üçün,həm də kömür üçün odunu elə Qalınçaq meşəbəyliyindən doğrayıb aparır.Şikayətçi Hacı Şükürov 9-saylı meşə dolayının meşəbəyi Xəzər Gözəlov tərəfindən qırılmasına icazə verildiyini bildirirdi.Qeyd olunurdu ki,meşələri elə meşəbəyilər qırdıraraq satdırır.Nəzərinizə çatdırırıq ki,adıçəkilən Xəzər Gözəlov 44-günlük Qarabağ müharibəsinin veteranıdır.Bu məqsədlə bir sıra informasiyalar əldə etmək üçün araşdırmalara başladıq.Şikayətçi xeyli sayda video və foto şəkilləri bizə təqdim etdi.

İlk olaraq 6-saylı regional meşə inkişafı idarəsi məsələyə münasibət bildirdi ki, deyilənlər absurddur,həmin ərazidə iki dəfə yoxlama aparılıb və belə bir fakt qeydə alınmayıb.Sonradan meşə idarəsi şikayətçinin iştirakı ilə yenidən qeyd olunan ərazidə yoxlama apardı,ancaq şikayətçi yoxlamadan razı qalmadığını bildirdi və qeyd etdi ki,kəsilən ağaclar elə yoxlama gedə-gedə rənglənirdi.Həmin vaxtlar bayram günlərinə təsadüf etdiyi üçün uzun müddət bu məsələ bağlı qaldı və bayramdan dərhal sonra şikayətçinin müraciəti ilə yenidən fəaliyyətə başladıq.

Bəli,ərz etmirik ki,şikayətçi tamamilə haqlıdır.Ancaq həqiqətən Qalınçaq,Mücəftaran, Vəng,Göytəpə kəndlərində əhalinin kütləvi şəkildə kömür işi ilə məşğul olduğu üzə çıxdı.Burada haqlı sual meydana çıxır.Məgər Qalınçaq meşəbəyliyinin ətrafında yerləşən bu kəndlərin əhalisi kömür üçün odunu Qəbələ,yaxud başqa rayonlardan gətirir? Məlumdur ki,həmin ərazidə meşələr qırılmır və meşəbəyilər meşələri satmır kimi açıqlama edən əlaqədar qurumlar yalan məlumat yayırlar.Bəs bu qədər kömürün odunu hardan əldə olunur? İsmayıllı rayonu respublikanın bütün bölgələrinə kömür ixrac edir.Güya bunu heç kim görmür,ya bilmir? Meşələr yalnız yol kənarlarında qalıb.100 metr meşənin dərinliklərinə getdikdə orda bilək yoğunluğundan qalın ağac tapmaq mümkün deyil.Meşəliklər dönüb olub keçilməz kolluqlar.Bəs bunları kimlər doğradı,xaricdən gəlib doğradılar?Bərdə,Ağdam, Göyçay,Yevlax və sair rayonlara kimi İsmayıllı odunu gedib çıxır.Ya meşəbəyilər satır,ya da ki,oğurluq yolu ilə gedir.Doğrudur,İsmayıllı meşə idarəsinin rəhbərliyi dəyişib və yeni gələn müdir belə hallara qarşı mübarizə aparır,bunu danmırıq.Ancaq bu fikirlə razı deyilik ki,meşələr tam şəkildə qorunur.

Bəli,şikayətçi Hacı Şükürov haqlıdır,adı çəkilən Qalınçaq meşəbəyliyində tək 9-saylı deyil,bütün dolaylara zülm olunub,talan olunub.Sonradan kəsmə sahəsi (Dlyanka) adı ilə bunlar rəsmiləşdirilib ancaq görünən kəndə bələdçi lazım deyil.

Bu işlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6-saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin böyük günahı və məsuliyyətsizliyi var.Çünki onların yaşıl işıq yandırması nəticəsində meşələri qırıb satırlar.Çünki onların şəxsi maraqlarını,ümumi maraqlardan üstün tutması nəticəsində xalqın sərvəti talan olunur.İsmayıllıda həm meşə fonduna aid ərazilər,həm Şahdağ milli parkının ərazisinə daxil olan meşəliklər,həm də bələdiyyə ərazisində yerləşən meşəliklər qırılıb və bu gün də açıq şəkildə olmasa da,gizlin şəkildə qırılır.İsmayıllıda dağ kəndləri daxil əhali yaşıllıqları qıraraq kömür basdırır.Zərnava,Qalacıq,İstisu və s.Görmür ekologiya idarəsi?Kimə fırıldaq gəlirsiniz?

Hesab edirik ki,şikayətçi Hacı Şükürov bu şikayətində haqlıdır və Qalınçaq meşəbəyliyində baş verənlərlə bağlı daha ciddi tədbirlər görüləcək və biz də medya olaraq dövlət qurumları ilə birgə həmin yoxlamalarda iştirak edəcəyik.Bəli,kömür məsələsi ilə bağlı adı çəkilən Qalınçaq,Mücəftaran,Vəng,Göytəpə kəndlərində ciddi şəkildə yoxlama aparılmalı və bu istiqamətdə nəzarəti gücləndirməli,eyni zamanda hüquq-mühafizə orqanları ilə bu sahədə ciddi şəkildə əməkdaşlıq etmək lazımdır.Belə getsə bir neçə ildən sonra İsmayıllı meşələri tamamilə keçəlləşəcək, bulaqlar quruyacaq və təbii ki,xəstəliklər artacaq.

Redaksiyadan:Şikayət ilə bağlı araşdırmalar davam edir.Qalınçaq meşəbəyliyində daha nələr baş verir və kimlər meşələri qırdıraraq satdırır? Növbəti sayımızda bu barədə daha geniş məlumat verməyə çalışacağıq.Geniş şəkildə YouTube üzərindən Şimal Region internet kanalına abunə olaraq baxa bilərsiniz.Faktla bağlı bütün maraqlı tərəflərin,adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Şikayətçi Hacı Şükürov Bakı-İsmayıllı,İsmayıllı- Bakı