
Tofiq bəyin ürəklər parcalayan halı
“Bu gün ölüm aclığının 36-cı günündə Tofiq Yaqublunun Apelyasiya məhkəməsi oldu. Ağır və dəhşətli mənzərə idi.
Dağ kimi adam əriyib, ölümün bir addımlığında dayanıb. Əslində heç dayana da bilmir, sadəcə oturub ölümünü gözləyir. Son dərəcə kədərli mənzərədir. Tofiq bəyin bu halı ürəklər parçalayır.
Tofiq bəyin məsələsi artıq siyasət deyil, humanitar məsələdir: Ölüm-dirim məsələsidir. Təəssüflər olsun ki, məhkəmə bu dilemmanı ölümün xeyrinə seçdi. Novbəti məhkəmə iclasını mayın 20-nə təyin etdi. Bu elə Tofiq Yaqublunun ölümünə fərman vermək kimi bir şeydir. Növbəti məhkəmə iclasının maksimum müddəti 2 həftədir. Hakim də 36 gün ölüm aclığı keçirən adamın növbəti prosesini maksimum hədd çərcivəsində təyin etdi. Öz qərarı ilə Tofiq bəyin ölümünə “yardım” göstərmiş oldu.
Məhkəmədən sonra polis mətbuat açıqlamasına imkan vermədi. Deyəsən sözdən də, qorxurlar. Bu artıq Türkmənistan standartıdır. Amma hər halda Türkmənistanən quru sərhədləri açıqdır və orada Qırmızı Xaç humanitar təşkilatı fəaliyyət göstərir.
Biz indi Tofiq Yaqublunu itirməyin məsafəsini itirmişik. Bu dəhşətli hadisə hər an baş verə bilər. Ölkədə güllələnmə hökmü yoxdur. Amma onu aclığın əli ilə öldürürlər. Hətta bu gün azad olunsaydı belə onun həyatı, yaşayıb-yaşamayacağı sual altındadır. Üzücü, ürək parçalayıcı, kədərli mənzərədir”.
Cəmil Həsənli Milli Şuranın Sədri