SEPAH Azərbaycanda yəhudi ravvini öldürtmək üçün Gürcüstandan qatil tutubmuş

İranın hakim dairələri Azərbaycanın yəhudi icmasının liderıərindən birini məhv etmək üçün Gürcüstandan azərbaycanəsilli bir qatil tutub, lakin ölkənin xüsusi xidmət orqanları sui-qəsdin qarşısını alıb. Bu barədə “Washington Post” Qərb və Yaxın Şərq təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən yazır.

Nəşrin məlumatına görə, ravvin Şneor Seqalın qətli 2025-ci ilin əvvəlinə planlaşdırılıb. Bu məqsədlə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) WP-nin “narkotik alverçisi” adlandırdığı Aqil Aslanovu ələ alıb. Qəzetin mənbələrinə görə, Aslanov ravvinin necə öldürülməsi ilə bağlı SEPAH-dakı bir şəxsdən “dəqiq göstərişlər” alıb və işinə görə 200 min dollar istəyib.

Yanvarın ortalarında Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti terror aktının qarşısının alındığını bəyan edib. Daha sonra qəzet məlumat verir ki, planda təhsil mərkəzinə hücum planı da var imiş. Aslanov şəriki Ceyhun İsmayılovla birgə saxlanılıb.
İndiyədək heç bir təfərrüat, o cümlədən hadisədə iştirak edənlərin adları məlum deyildi.

Ravvin Seqal “Washington Post”a deyib ki, o, bu işdən yalnız media xəbərlərindən öyrənib. O, Azərbaycanda özünü təhlükəsiz hiss etdiyini və “küçələrdə qorxmadan gəzdiyini” vurğulayıb.

Open Azerbaijan