-Zaur,oğlum,axşam evə bir az tez gəl. -Yaxşı,ana. Dəstəyi yenicə qoymuşdum ki,telefon yenə zəng çaldı. -Zaur,axşam evə tez gələrsən,qonaqlarımız olacaq. -Yaxşı. Bu dəfə zəng edən həyat yoldaşım idi. Mən,adətim üzrə,ətrafı seyr edirdim.Hər gün buraya gəlmək məndə vərdiş halını almışdı.Bu gun iş günü deyildi-səkkiz mart qadınlar bayramı idi.Hər il olduğu kimi,bu il də bizim evdə bayram süfrəsi açılacaqdı.Ailəmizdəki qadınları-anamı,həyat yoldaşımı və iki yaşlı qızımı ailədəki kişilər- mən və atam təbrik edəcəkdik.”Eh,mən hələ hədiyyə də almamışam”-deyə yerimdən qalxıb yaxınlıqdakı mağazaya getdim.Vitrindəki hədiyyələrə baxıb bir dəstə gül aldım və mağazadan çıxdım.Yol gedə-gedə öz-özümə düşünürdüm:”Eh,ay Zaur,həmişə hədiyyə almısan da.Bu dəfə üçün bir dəstə gül bəsdir”.Elə fikirləşməyin ki,hədiyyə almağa pulum yox idi.Mən işləyirdim,pulum vardı.Həyat yoldaşım,anam,atam da işləyirdi.Bir sözlə,bizim evdə dolanacağımız yaxşı idi-heç nəyə ehtiyacımız yox idi.Evə çatmağa az qalmışdı,siqaret üçün əlimi cibimə saldım.Əlim boşa çıxdı.Siqaret almaq üçün özümü dükana atdım.Siqareti alıb pulunu vermək üçün əl uzadanda mənim gözüm çörək üçün uzanmış qupquru,arıq,gömgöy damarları çıxmış bir ələ sataşdı.Dönüb bu əlin sahibinə baxdım.Bu arıq,balacaboylu,yun şalının altından ağappaq saçları çıxmış,üzü qırışmış,qoca qadın idi.O,aldığı bir dənə çörəyi əlindəki çantaya atdı.Bir az dikəldi və mağazadan çıxıb asta-asta yeriməyə başladı.Mən gipnoz olmuş kimi dinməz-söyləməz onun ardınca getməyə başladım.Ürəyimdə öz-özümə hey bu sözləri təkrarlayirdım: -Axı bu gün onun da bayramıdır… Biz beləcə bir xeyli yol getdik.Qadının məndən xəbəri yox idi.O,bir qədər getdikdən sonra dayanır,əyilmiş belini dikəldib bir az dincini aldıqdan sonra yenə yoluna davam edirdi.Bir azdan o,evə çatdı,kiçik bir pilləkəni qalxıb boz bir qapının önündə dayandı.Mən intizarla qapıda onu kimin qarşılayacağını gözləyirdim.Ancaq mənim gözlədiyimin əksinə oldu;qadın cibindən açar çıxardı və qapını özü açıb içəri girdi. Mən hələ də yerimdə donub qalmışdım.Başımda mim bir fikir-xəyal vardı.Artıq axşam düşürdü.Evdə ailəm məni gözləyirdi.Mən qərarımı verdim və ürəyimin mənə hökm elədiyi kimi hərəkət edib yenə həmin mağazaya qayıtdım.Vitrindəki ərzaqlara göz gəzdirib iki çörək,yağ-pendir,ət,qaymaq,qənd,çay,düyü,balıq aldım.Birdə baxdım ki,cibimdəki pulun hamısını ərzaqa xərcləmişəm.Sonra satın aldığım ərzağı əlimə alıb yola çıxdım.Torbaları yerə qoyub çəkinmədən həmin qapını döydüm.İçəridən titrək bir səs gəldi: -Kimsən,bala? -Allah qonağıyam,nənə,-deyə cavab verdim. Qapı açıldı,həmin qadın qarşımda dayandı.Mən onun ağ saçlarına,dərisi büzüşüb sallanmış ala gözlərinə heyran-heyran baxırdım.Qadın mənə və yerdəki torbalara baxdı,ancaq heç nə soruşmayıb məni içəri dəvət etdi: -Gəl,bala,keç içəri. Mən gətirdiklərimi onun kiçik otağına daşıdım.O,dəhlizin bir küncündə dayanıb mat-mat mənə baxırdı.Anam və yoldaşım üçün aldığım gül dəstəsini tam səmimiyyətlə ona uzatdım: -Bayramın mübarək olsun,nənə! Qadın ala gözlərini daha da geniş açdı.Sonra gözləri yaşardı və məni qucaqladı: -Boyuna qurban olum,oğul! Biz bir-birimizə elə sarılmışdıq ki,sanki neçə illərdi bir-birimizin həsrətindəydik. Mən başımı onun arıq,balaca çiyninə qoyub gözlərimi yummuşdum.Onun şalından gələn yun qoxusunu acgözlüklə ciyərlərimə çəkirdim. O,oturmaq üçün mənə yer göstərdi. Sonra ərzaqa baxıb: -Ay oğul,nə zəhmət çəkirsən,mənim hər şeyim var,-dedi. -Təki olsun,ay nənə,bunları da sənin üçün gətirmişəm. Nənə mənə çay tədarükü görməyə çalışdı.Tez yerimdən qalxıb çaydanı əlindən aldım,çayı süzdüm və oturub nənə ilə şirin-şirin söhbət etdik.Mən onu tanımadığımı,onu ilk dəfə mağazada gördüyümü söyləyəndə nənəni heyrət bürüdü.Gözləri minnətdarlıq duyğusu ilə parladı.Nənənin evindı heç yerdə görmədiyim bir səliqə-sahman vardı.Üzbəüz divarda gənc bir oğlanın şəkli asılmışdı.Şəklin üzərində qara lent vardı.Mən nənənin nə üçün tək yaşadığının səbəbini artıq bildim.Onun gəldiyini görüb baxışlarımı tez şəkildən çəkəndə nənə baxışlarımın hara yönəldiyini sezdi və aram-aram: -Oğlumdur,Qarabağda şəhid olub,-dedi. Nənənin gözlərində qəm buludu toplaşmışdı.Nəzərlərini şəkildən çəkməyərək: -Üç il bundan qabaq şəhid oldu.Ondan bəri tək yaşayıram,onun ölümü mənim ömrümə balta çaldı,-dedi. -Onda mənim əlli beş yaşım vardı,işləyirdim,belə xəstə deyildim. Mən heyrət içində idim.Nənə əslində mənim anamla yaşıd idi.Ancaq qaşları,kiprikləri,ağ saçları,bükülmüş qəddi onu olduğundan çox yaşlı göstərirdi. Mən sakitcə bu ağsaçlı qadının həyat hekayəsini dinləyirdim.Sanki o,keçmişin özü idi,gəlib mənimlə üz-üzə oturmuşdu.Nənə birdən söhbəti kəsib: -Ay oğul,səni evdə axtararlar,dedi. Mən bu haqda düşünmək istəmirdim.Fürsət tapıb cib telefonumu da söndürdüm.O gecə mən gətirdiyim əti ət maşınından keçirdib soyuducuya yerləşdirdim,ərzaqları nənənin köməkliyi ilə mətbəxdə yerbəyer etdim.Gətirdiyim gülləri güldana qoydum.Aldığım balıqdan isə yaxşı bir süfrə açdım.Nənə tez-tez yaşaran gözlərini silirdi.Onu yerindən qalxmağa mən qoymurdum,istəyirdim hər şeyi mən özüm hazırlayım. Mənim üzümdə xoşbəxt bir təbəssüm vardı,ilk dəfə idi ki,mən belə sevə-sevə ev işi görürdüm.Elə hey gülümsəyirdim.Bunu da deyim ki,evdə mənə həmişə deyərdilər: -Ay Zaur,nə yaman qaşqabaqlısan?Yenə nə olub? Nənə ilə birgə süfrəyə oturduq.O,tez-tez deyirdi: -Allah köməyin olsun,ay bala,evdə hər gün təklikdən az qalır ürəyim partlasın.Nə yaxşı ki,bu gün sən gəlmisən. Yeməkdən sonra nənə divanda oturdu,mən də heç çəkinmədən -sanki onun dizi üstə böyümüşdüm-başımı onun dizinə qoydum.O da titrək barmaqları ilə saşlarımı sığallayıb danışmağa başladı: -Mənim ondan savayı heç kimim yoxdur,atasız qalan,bircə balamı bağrıma basıb onunla yaşayır,onunla nəfəs alırdım.O da mənə-ana,heç vaxt səni tək qoymayacağam,-deyirdi.Amma sözünə əməl edə bilmədi,dayana bilmədi.”Ana,cəbhəyə getməliyəm”-deyirdi tez-tez.Axır ki,getdi.Gedəndə də,ana,sənə söz verirəm qayıdacağam,səni tək qoymayacağam,-dedi və getdi.Amma… Bu yerə çatınca nənənin səsi qırıldı,o,boğuq səslə hıçqıra-hıçqıra ağlamağa başladı.Mən onun boynunu qucaqladım və pıçıldadım: -Söz verirəm,səni tək qoymayacağam,nənə. Nənənin gözlərində ümid işığı parladı.Məni bağrına basıb gözlərimdən öpdü. O gecə nənənin dizi üstə yuxuladım.Səhər açılanda gördüm nənənin yun şalı çiynimdədir.Bu şaldan gələn yun qoxusu mənə o qədər doğma,o qədər yaxın idi ki… …Mən evə qayıtdim.Qapını anam açdı,heyrətlə:

-Allah sənə şükür,ay oğul,hardasan?Telefonu niyə söndürmüsən?-soruşdu.

Yoldaşım isə könülsüz-könülsüz salamımı aldı vəməndən heç nə soruşmadı.Axşam evə gəlmədiyimçün məndən incidiyini baxışlarından açıq-aydın açıq-aşkar sezdim.İnciməyə haqqı da vardı,axı dünən onların bayramıydı.

Bir azdan mən əhvalatı onlara nağıl edəndə anam da, yoldaşım da heyrət içində idilər.Mən sözümü bitirib onlara baxdım:

-Axı bu onun da bayramıdır.

Anamın gözləri yaşarmışdı:

-Ay oğul,nə yaxşı iş görmüsən!

Yoldaşım minnətdarlıq dolu baxışları ilə mənə baxdı:

-Zaur,sən nə yaxşı adamsan!

Bu hadisədən sonra,hər il bizim ailəmiz səkkiz mart bayramını nənənin evində qeyd etməyə başladı.

Aytən Ağasəlimqızı