Dünyanın ən böyük bankının rəhbəri Trampın siyasətini təhlükəli adlandırdı

“İqtisadi müharibə real hərbi müharibəyə çevrilə bilər”

Dünyanın ən böyük bankı olan “JPMorgan”ın (ABŞ) baş direktoru Ceymi Dimon prezident Donald Trampın tarif siyasəti ilə bağlı açıq xəbərdarlıq edib.
“Bu siyasət qiymətləri yüksəltmək, qlobal iqtisadiyyatı tənəzzülə sürükləmək və Amerikanın dünyada nüfuzunu zəiflətmək təhlükəsi yaradır” – Dimon səhmdarlara illik məktubunda yazır.

Onun fikrincə, Trampın təyin etdiyi tariflər inflyasiyanı artıracaq və bir çoxlarının tənəzzül barədə daha çox düşünməsinə səbəb olacaq.

Dimon qeyd edib ki, Amerikanın dünyada “qeyri-adi mövqeyi” onun iqtisadiyyatı, hərbi və mənəvi gücü üzərində qurulub. Lakin tariflər və Trampın “öncə Amerika” xarici siyasəti ABŞ-ın dünyadaki xüsusi mövqeyini sarsıda bilər.

“Öncə Amerika şüarı yaxşıdır, lakin Amerika tək qalmamaq şərtilə. Qərb dünyasının hərbi və iqtisadi ittifaqları parçalansa, Amerikanın özü zamanla qaçılmaz olaraq zəifləyəcək” – deyə, Dimon vurğulayıb.

Dimon bu qüvvələrin ayrılmaz şəkildə bağlı olduğuna da diqqət çəkib. “Təhlükəsizlik və iqtisadiyyatın bir-birinə bağlı olduğunu qəbul etmək son dərəcə vacibdir. “İqtisadi müharibə” keçmişdə real hərbi müharibəyə səbəb olub”.

JP Morqan bazar dəyərinə görə (600 milyard dollar) dünyanın ən böyük bankıdır. Onun aktivləri isə 4 trilyon dollardan artıqdır.