
ABŞ Prezidenti Tramp İran məsələsində son mərhələyə çatdıqlarını bildirərək, Tehranı yeni bir saziş imzalamağa çağırıb, əks halda hərbi yollara əl atılacağını bəyan edib. Bu xüsusda, Tramp ultimatum xarakterli məktubunun İran lideri Xameneyiyə çatdırıldığını və Tehrandan cavab gözlədiklərini qeyd edib.
Ötən gün Xameneyi isə Trampın nüvə məsələsində razılaşmaq yerinə, digər məsələlər ilə bağlı əlavə şərtlərini diqtə etməyə çalışdığını bəyan edib. Xameneyinin sözlərinə görə, Trampın irəli sürdüyü tələblər ölkənin müdafiə qabiliyyətinə və beynəlxalq əlaqələrinə məhdudiyyətlərin qoyulmasını, investisiya və istehsal siyasətinə müdaxilə edilməsini, habelə raketlərin uçuş məsafələrinə limitlərin gətirilməsini ehtiva edir. Xameneyi bu tələbləri qəbul etməyəcəklərini elan edib. Yəni, Xameneyi nüvə danışıqları ilə bağlı qapını açıq saxlayır, lakin digər mövzuları müzakirə etmək istəmir.
Göründüyü kimi, Tramp İranın inqilab dövrü boyunca izlədiyi regional müdaxiləçilikdən imtina etməsini istəyir. Burada üç məqsəd var: birincisi, İran ABŞ-ın regiondakı əsas müttəfiqi İsraili təhdid etməkdən çəkinsin; ikincisi, İran ABŞ-a “sadiq” Ərəb ölkələrinin daxili proseslərinə qarışmasın; üçüncüsü, İran ABŞ əleyhində qurulan Rusiya-Çin xəttinə qoşulmasın və “qlobal cənub” düşərgəsində aktivlik göstərməsin. Bunun qarşılığında, Tramp İrana iqtisadi sanksiyaları aradan götürməyi, beləliklə də iqtisadiyyatını gücləndirməyi və texnologiyasını modernləşdirməyi təklif edir.
Əslində ABŞ tərəfindən İrana bir növ 1950-2010-cu illərin Türkiyəsinə çevrilmək təklif olunur: Yaxın Şərqdə ABŞ-ın maraqlarına zidd addım atmayan, öz qabığına çəkilmiş bir İran. Belə bir İran, ABŞ-ın Yaxın Şərqdə nizam yaradaraq, tezliklə regionu tərk edə bilməsinə imkan yaradacaq. Yəni, ABŞ “Yeni Yaxın Şərq” üçün “Yeni İran” axtarışındadır. Aydındır ki, bu yanaşma Tramp hökumətində ən güclü qrup olan “təcridçiləri”n tələbidir. Təcridçilər ABŞ-ın yeni bir qlobal müharibəyə qoşulmasını istəmirlər, bu mənada, Tramp hökumətindəki ikinci güclü qrup İsrail yönümlülərin “İran ilə müharibə” istəyinə qarşı çıxırlar.
Xameneyinin Trampın tələblərini qəbul etməməsinin bir neçə səbəbi var. Ən önəmlisi budur ki, İranın dini rəhbərliyi məhz İsrailə qarşı mübarizə və ideoloji xarici siyasət vasitəsilə öz tərəfdarlarını səfərbər edir və hakimiyyətini qoruyur. İran rəhbərliyi Yaxın Şərqdəki dini-ideoloji mübarizədən və anti-ABŞ ritorikasından imtina etsə, bu, daxildə dini mühafizəkarları zəiflədərək, qərbyönümlü reformistləri gücləndirəcək, beləliklə də dini rejimin gələcəyi sual altına düşəcək. Digər tərəfdən, İran öz milli təhlükəsizliyinə qarşı təhdidləri məhz “uzaqda zərərsizləşdirmək” strategiyası ilə önləyir. Ona görə də İran rəhbərliyi başa düşür ki, Yaxın Şərqdəki proseslərə müdaxilə etməsə, təhdidlərin öz sərhədlərinə çatması çox çəkməyəcək. Üçüncüsü, ölkəni imperiyaların davamçısı kimi görən İran hərbi-siyasi elitasında “post-imperiya travması” mövcuddur, xüsusilə, Aralıq dənizinə çıxış əldə edilməsi ilə bağlı Əhəmənilər İmperiyasına “həsrət” müasir xarici siyasətdə önəmli rol oynayır. Yəni, İran rəhbərliyi neo-imperialist motivasiyadan asanlıqla imtina edə bilməz.
Yaranmış bu vəziyyətdə, ya tərəflərdən biri öz mövqeyini yumşaltmalıdır, ya da silahlar işə düşəcək. Görünən odur ki, İran rəhbərliyi diplomatiya üçün hələ də manevr imkanının olduğu düşünür. Ola bilsin ki, Tramp da İranı geri çəkilməyə məcbur etmək üçün “limitli müharibə” ssenarisini nəzərdən keçirir. Məncə, Yeni Yaxın Şərqin düyüm nöqtəsi olan “Yeni İran” məsələsinin qansız həll edilməsi mümkün görünmür.