Üstü bəzək, içi təzək

Bəli, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin qarşısı nə qədər təmirli görünsə də, arxa hissəsi bir o qədər bərbad vəziyyətdədir. Gördüyünüz kimi, qapı və pəncərələri uçub-dağılaraq tamamilə yararsız hala düşüb. Ötən il əkilən şam ağacları susuzluqla imtahan olunaraq məhv edilib. Həyətyanı sahəsini kol-kos basıb, ətraf anti-sanitar şəraitdədir. Belə də “Təhsil ocağı” olarmı? Buna deyirlər; Üstü bəzək, içi təzək

Nəzərinizə çatdırım ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılmış, araşdırma zamanı 01.01.2018-ci il tarixdən 01.12.2023-cü il tarixədək maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən Kollecin vəzifəli şəxsləri tərəfindən balansda olan nəqliyyat vasitələrinə heç bir təmir işləri aparılmadan ehtiyyat hissələrinin və yanacağın əsassız olaraq məxaricə silinməsi, həmçinin yerinə yetirilməyən təmir və abadlıq işlərinin dəyərinin qəbul aktlarına daxil edilməsi və digər yollarla ümumilikdə 88 min manatdan artıq pul vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilərək Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələrilə cinayət işi başlanılmışdır.