İranın Ali dini Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Velayəti “Tramp marşrutu”nun yaradılmasına qarşı qəti mövqeyini açıqlayıb. Velayəti bildirib ki, İran Rusiya ilə olsun, ya da olmasın, ABŞ-nin Qafqazda bu layihəsinin qarşısını alacaq, çünki bu keçid bölgənin təhlükəsizliyini təhdid edir və geosiyasi xəritəni dəyişdirir.

Tasnim xəbər agentliyinə verdiyi müsahibədə Trampın “Zəngəzur” keçidinin 99 illiyinə icarəyə verilməsi iddialarını tənqid edən Velayəti deyib: “Qafqaz sahibsiz yer deyil ki, Tramp onu icarəyə götürsün. Bu keçid Trampın quldurlarının qəbiristanlığı olacaq.”

O, “Tramp marşrutu”nun bölgənin sərhədlərini dəyişdirərək Ermənistanın parçalanmasına xidmət etdiyini vurğulayıb. Velayəti ABŞ-nin keçidi icarəyə götürmək iddiasını “sadəlövhlük” adlandıraraq, bunu “Panama kanalını icarəyə götürmək” kimi qeyri-mümkün bir addım sayıb.

Bundan əlavə, Velayəti “Tramp marşrutu”nun sadəcə ticarət keçidi kimi təqdim edilməsinin əslində siyasi sui-qəsd olduğunu bildirib. O, Türkiyənin NATO üzvü olduğunu və NATO-nun bölgədə genişlənmə niyyətində olduğunu, lakin İranın buna icazə verməyəcəyini vurğulayıb.

Rusiya ilə əməkdaşlığına da toxunan Velayəti Moskvanın da bu yolun yaradılmasına strateji etiraz etdiyini və İranın təhlükəsizlik maraqları üçün lazım gəlsə Rusiyasız da Qafqazda hərəkət edəcəyini söyləyib.

Xəzər dənizi məsələsinə də toxunan Velayəti ABŞ-nin enerji nəqli üçün yolun icarəyə götürülməsi iddialarını rədd edib. O bildirib ki, Xəzər yarıbağlı dənizdir və buradan enerji daşımaq üçün bütün qonşu ölkələrin razılığı lazımdır. İran və Rusiyanın son zamanlarda Xəzərdə birgə hərbi təlimlər keçirdiyini və bu təlimlərin xarici müdaxiləyə qarşı mesaj olduğunu əlavə edib.

azadlıq qəzeti