Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən düz 17 il sonra “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin paraflanması, ATƏT Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair birgə müraciət, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) ilə bağlı anlaşmanın 8 avqustda, Vaşinqtonda imzalanması ABŞ-ın dövlət yaddaşının nə qədər güclü olduğunun göstəricisidir.
Rusiya 8 avqust 2008-ci ildə Gürcüstana müdaxilə edərək 20 faizini işğal etdikdən sonra Cənubi Qafqazın sahibinə çevrildiyini güman edirdi. Cənubi Qafqaz uğrunda mübarizədə Rusiyanı Moskva üçün çox əlamətdar olan bir tarixdə – 8 avqustda məğlub etdilər.
TRIPP Cənubi Qafqazın Rusiyanın təsir dairəsindən çıxmasına təsir baxımından “Əsrin Müqaviləsi”ndən sonra ikinci ən böyük hadisə olaraq Mərkəzi Asiya və Şimali Qafqazın geosiyasi yönümünü də tədricən dəyişə bilər. Belə demək olar ki, 8 avqust bundan sonra Rusiyanın postsovet məkanında məruz qaldığı ən ağır məğlubiyyətlərdən birinin tarixi olaraq anılacaq.
8 avqust Rusiya ilə yanaşı İranın da Cənubi Qafqazda ağır məğlubiyyətidir. Bu isə o deməkdir ki, çox yaxın zamanlarda İranın daxilində Güney Azərbaycan faktorunu gücləndirəcək.
Tramp 8 avqust zəfərinin ardınca ABŞ, Azərbaycan və İsrail arasında hərbi-siyasi ittifaqın yaradılmasına da nail olsa, Trampın Nobel Sülh Mükafatına namizədliyini mən də dəstəkləyəcəm.
Rusiyanın Cənubi Qafqazdan tamamilə sıxışdırılıb çıxarılaraq Qafqaz dağlarının arxasına atılması üçün Gürcüstandan da çıxarılması lazımdır. Vaşinqtonun növbəti hədəfi Rusiya və Çinin Gürcüstan üzərində təsirini aradan qaldırılmaq, Abxaziyanın azad edilməsi olmalıdır.

Xəqani Cəfərli politoloq