Türkiyənin Avropadan qoparaq Yaxın Şərq dövlətlərinin sırasına keçmək ərəfəsində olması ilə bağlı martın 11-də yazdığım statusda Böyük Britaniyanın Rusiyaya qarşı formalaşdırmağa çalışdığı koalisiyanın Türkiyənin son şansı ola biləcəyi, Ankaranın Azərbaycanın bəzi təşəbbüslərini də yüksək qiymətləndirməli, nəticəsiz qalmasına imkan verməməli olduğunu yazmışdım.
Aliaga Sultanov bu statusa yazdığı rəydə söhbətin Azərbaycanın hansı təşəbüslərindən getdiyi maraqlanmış, mən də buna aydınlıq gətirəcəyimi vəd etmişdim.
Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib ki, Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib. Qənaətimcə, söhbət 2023-cü ildə cəryan edən proseslərdən gedir. O zaman Azərbaycanın təşəbbüsləri öz bəhrəsini vermiş, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla İsrail baş naziri Binyamin Netanyahu görüşmüşdülər. Həmin görüşdə iki dövlət arasında münasibətlərin normallşadırılması ilə bağlı razılıq əldə olunsa da, HƏMAS-ın 7 oktyabrda İsrailə qarşı həyata keçirdiyi qanlı terror aktı, Ankaranın HƏMAS-ı müdafiə etməsi Azərbaycanın zəhmətini puça çıxarmışdı.
O zaman olduğu kimi bu gün də Azərbaycan Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşmasında maraqlıdır və 2023-cü ildə olduğu kimi tərəfləri bir araya gətirməyə təşəbbüs edir. Qənaətimcə, Prezidentin köməkçisi Hikmət Hacıyevin İsrailə səfəri, İlham Əliyevin özünün Ankaraya son səfəri də İsraillə Türkiyə arasında münasibətlərin normalaşdırılması üçün edilən yeni təşəbbüsdür. Yenə də o qənaətdəyəm ki, Ankara Azərbaycanın təşəbbüslərinin nəticəsiz qalmasına imkan verməməlidir. Çünki, bundan hər üç dövlətin zərər görmə ehtimalı olsa da, ən böyük zərər görən Türkiyə olacaq.
Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşması Azərbaycanın həyatı əhəmiyyətli maraqlarına uyğun olduğu üçün rəsmi Bakı bu istiqamətdə təşəbbüslərdən yorulmamalı, Azərbaycan cəmiyyəti isə bu təşəbbüsləri dəstəkləməlidir.
Böyük Britaniyanın Rusiyaya qarşı formalaşdırmağa çalışdığı koalisiyanın Türkiyənin Avropanın bir hissəsi olaraq qalması üçün son şansı ola biləcəyi ilə bağlı növbəti statusda yazmağa çalışacağam.

Xəqani Cəfərli politoloq