Avropa Parlamenti Gürcüstan hökumətini tanımamaq qərarı verdi

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi: 490 avroparlamentar “lehinə”, 147-si “əleyhinə” səs verdi, 49 nəfər isə bitərəf qaldı. Ümumilikdə iclasda 686 avroparlament üzvü iştirak etdi.

Parlamentin rəsmi saytında dərc olunmuş qətnamə layihəsində qeyd olunur ki, Avropa Parlamenti gürcü xalqı ilə həmrəyliyini və onun qanuni Avropa və Avroatlantik istəklərini, rifahlı və demokratik bir ölkədə yaşamaq arzusunu sarsılmaz şəkildə dəstəklədiyini təsdiqləyir. Bu arzuların hökumətin sərt repressiyalarına baxmayaraq davam edən kütləvi etirazlarda öz əksini tapdığı vurğulanır.

Avropa Parlamenti vurğulayır ki, 2024-cü il oktyabrın 26-da keçirilmiş saxtalaşdırılmış parlament seçkilərindən sonra “Gürcü Arzusu” partiyası tərəfindən formalaşdırılmış “özünü elan etmiş hökuməti” tanımır və Gürcüstanı “Gürcü Arzusu”nun qeyri-legitim rejimi tərəfindən ələ keçirilmiş bir dövlət hesab edir.

Avropa Parlamenti Bidzina İvanişviliyə, onun ailə üzvlərinə və ona məxsus şirkətlərə qarşı dərhal və hədəfli fərdi sanksiyaların tətbiq olunmasını tələb edir və Avropa İttifaqını, xüsusilə Birləşmiş Krallıqla əməkdaşlıq çərçivəsində, onun maliyyə aktivlərini dondurmağa çağırır.