Məhz Tofiq Yaqubluya qarşı cinayət törədilib

Tofiq Yaqubluya hökm oxunması ilə bağlı AXCP-nin bəyanatı.

Milli Şura Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edildi. Tofiq Yaqubluya qarşı ittiham tamamilə saxta olub. Onun barəsində cinayət işi siyasi hakimiyyətin sifarişi ilə uydurulub və ssenariləşdirilib. 9 aydan çox davam etmiş məhkəmədə də isbat olundu ki, Tofiq Yaqublu heç bir cinayət törətməyib, əksinə polis və prokurorluq orqanları ona qarşı cinayət törədib.

Tofiq Yaqublu bununla artıq 4-cü dəfədir şərlənərək uzunmüddətli həbsə məhkum edilir. O, dəfələrlə inzibati qaydada həbs olunub, ağır fiziki işgəncələrə məruz qalıb. Hakimiyyət açıq-aşkar ondan prinsipial müxalifət mövqeyində durmasının qisasını alır. Tofiq Yaqublu dəfələrlə həbs olunmasına, fiziki zorakılıqlara məruz qalmasına baxmayaraq, hakimiyyətə qarşı sərt tənqidlərindən və müxalifət mövqeyindən geri çəkilməyib.

Birinci Qarabağ müharibəsinin qəhrəmanlarından biri olmasına, mərdliyi və dürüstlüyü ilə fərlənməsinə, eləcə də başqa müsbət keyfiyyətlərinə görə cəmiyyətin Tofiq Yaqubluya yüksək rəğbəti yaranıb. O, ölkədə demokratiya uğrunda mübarizənin simvollarından birinə çevrilib. Bütün bunlar isə heç zaman xalqdan mandat ala, xalqın simpatiyasını qazana bilməmiş hakimiyyətdə Tofiq Yaqubluya qarşı belə görünür ki, həsəd və kin-küdurət hissini artırıb.

Tofiq Yaqublunun belə uzun müddətə azadlıqdan məhrum edilməsi ölkədə son vaxtlar daha da iri miqyas almış repressiyanın tərkib hissəsidir. Hazırda Azərbaycanda siyasi məhbsuların sayı 350 nəfəri keçib. Ölkə təkcə siyasi motivlərlə həbs edilən jurnalistlərin sayına görə Avropa məkanında Belarusdan sonra ikinci yeri tutur. İlham Əliyev hakimiyyəti ölkədə bütün tənqidçi səsləri susdurmaq istəyi ilə müstəqil mediaya, vətəndaş cəmiyyətinə və siyasi müxalifətə qarşı hücumları şiddətləndirib, siyasi həbslərin intensivliyini daha da artırıb.

Azərbaycanda son vaxtlara qədər fəaliyyət göstərmiş müstəqil mətbuat orqanları olan Abzas Media, ToplumTV və MeydanTV kollektivləri tam heyətlə həbs edilib, Turan İnformasiya Agentliyi fəaliyyətini dayandırmaga məcbur olub, BBC, Amerikanın Səsi və Blumberq jurnalistlərinin akkreditasiyası ləğv olunub.

Bu arada AXCP-nin daha 2 üzvü – Qaradağ şöbəsinin sədri Zaur Əsgərov və Binəqədi şöbəsinin fəalı Gündüz Mirzəyev qondarma ittihamlarla həbs edilib. Bununla da AXCP-nin hazırda həbsdə olan üzvlərinin sayı 14 nəfərə çatıb, son illərdə uzun müddətli siyasi məhbus həyatı yaşayan üzvlərinin sayı isə 50 nəfəri keçib.

Azərbaycan hakimiyyəti demokratik dünyanın gündəmini hazırda Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar problemlərin zəbt etdiyini fürsət bilərək, açıq-aşkar cəmiyyəti tamamilə əzib etiraz potensialından məhrum etmək niyyəti güdür.

AXCP Tofiq Yaqubluya oxunan hökmü qətiyyətlə pisləyir və onun ləğvini tələb edir. AXCP bir daha bəyan edir ki, Tofiq Yaqublu heç bir günahı olmadan, siyasi sifarişlə həbs olunub və dərhal azadlığa buraxılmalıdır.

AXCP bütün çətinliklərə və basqılara baxmadan ölkədə avtoritarizmin bərkiməsinə və totalitarizmin qurulmasına qarşı mübarizəni davam etdirəcəyini, Tofiq Yaqublu başda olmaqla bütün siyasi məhbusları bundan sonra da var gücü ilə müdafiə edəcəyini bildirir.

AXCP Azərbaycan xalqını hakimiyyətin ölkəni dünyadan təcrid edən və totalitar rejim qurmağa yönələn repressiv siyasətinə qarşı daha uca səslə və çoxluqla etiraz etməyə çağırır. Azərbaycan cəmiyyəti təslim olmamalı, Tofiq Yaqubluya və digər siyasi məhbuslara dəstəyini artırmalıdır.

AXCP həmçinin beynəlxalq birliyi Azərbaycanda baş verənlərə heç bir halda seyrçi qalmamağa, öz etirazını daha ardıcıl və qətiyyətlə bildirməyə səsləyir.

AXCP PARTİYASI