
Rusiya prezidenti Vladimir Putinin Milli Məclisin sədri Sahibə Qafarovanı “Dostluq” ordeni ilə təltif etməsi ictimaiyyət arasında birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri parlamentin spikerini rusiyayönümlü olmaqda ittiham ediblər.
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov bu tənqidlərə reaksiya verib. O deyib ki, Sahibə Qafarovanı tənqid edənlərin siyasətin əlifbasından xəbəri yoxdur:
“Bu gün Azərbaycan qadını parlamentin sədri səviyyəsinə yüksəlib. Buna görə də Cümhuriyyəti yaradanların ruhu şaddır. Sahibə xanım Qafarova sözün həqiqi mənasında Azərbaycan parlamentinə məhz kübar xanıma məxsus səliqə-sahman gətirib”.
Deputat həmçinin qeyd edib ki, Azərbaycan-Rusiya münasibətləri 2022-ci ilin fevral ayından başlayaraq qarşılıqlı müttəfiqlik münasibətlərinə əsaslanır.
“Biz münasibətlərimizi strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə qaldırmışıq. Fundamental məsələlərdə mövqelərimiz üst-üstə düşür. Bu, dövlət siyasətidir və hörmətli Sahibə xanım Qafarova bu siyasəti parlament müstəvisində həyata keçirir”, – deyə Elman Nəsirov vurğulayıb.