
Türkiyə və Qərb ölkələri tərəfindən terror təşkilatı kimi tanınan PKK-nın özünü ləğv etməsi nə qədər sevindirici hadisədirsə, terror təşkilatının qərarında Türkiyə Cümhuriyyətinin yaranışını, sərhədlərini tanıyan Lozanna müqaviləsini, Türk dövlətinin kimliyini və dövlət fəlsəfəsini müəyyən edən 1924-cü il Konstitusiyanı hədəf alan açıqlaması o qədər təhlükəlidir.
Terror təşkilatının açıqlamasında qeyd edilir ki, PKK Lozanna müqaviləsindən və 1924-cü il Konstitusiyasından qaynaqlanan kürdləri inkar və məhv etmə siyasətinə qarşı kürd xalqının azadlıq hərəkatı kimi tarix səhnəsinə çıxmışdır.
Bütün bunlar azmış kimi, Türkiyənin Konstitusiyasında dəyişiklik edilməsi ilə bağlı fikirlər səslənir. Əgər, bəhs edilən dəyişikliklər həyata keçirilsə, böyük Mustafa Kemal Atatrükün qurduğu Türkiyə Cümhuriyyətinin mahiyyəti tamamilə dəyişəcək.
Türkiyə Cümhuriyyətinin yaranışını, sərhədlərini tanıyan Lozanna müqaviləsinə, Türk dövlətinin kimliyini və dövlət fəlsəfəsini müəyyən edən 1924-cü il Konstitusiyanı hədəf alan açıqlama ilə barışıb-barışmamaq, Konstitusiyaya dəyişikliklərə razılıq vermək Türkiyə vətəndaşlarının müstəsna hüququdur və buna müdaxilə etmək niyyətim yoxdur.
Bu statusu yazmaqda yeganə məqsədim Türkiyədə son günlər baş verənlərin fonunda Güney Azərbaycanda bizi hansı təhlükələrin gözləyə biləcəyi ilə bağlı xəbərdarlıq etməkdir.
Xəqani Cəfərli politoloq