
Balakəndə “Ailə dəyişməyən dəyərimiz” adlı tədbir keçirilib
Mayın 14-də Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik ili” çərçivəsində 15 May – Beynəlxalq Ailə Gününə həsr olunmuş “Ailə dəyişməyən dəyərimiz” adlı tədbir keçirilib. Tədbirin əsas məqsədi ailə dəyərlərinin qorunması, onların gənc nəsilə aşılanması, ailə institutunun gücləndirilməsi və ailə məsuliyyətinin cəmiyyətdə daha da dərinləşdirilməsinə xidmət etmək olub.
Tədbirdə çıxış edən Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmova Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ailə siyasətinin formalaşması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyətindən bəhs edib. Bildirib ki, BMT Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsinə müvafiq olaraq 1994-cü ildən başlayaraq hər il dünyada Beynəlxalq Ailə günü kimi qeyd olunur. Azərbaycan bu ənənəyə 2008-ci ildən qoşulub. N.Rüstəmova qeyd edib ki, Beynəlxalq Ailə Gününün qeyd olunması cəmiyyətin əsas təməli olan ailəyə verilən dəyərin göstəricisidir. O bildirib ki, belə tədbirlər cəmiyyətin diqqətini ailədə mövcud olan sosial və psixoloji problemlərə yönəldir, ailə institutunun nüfuzunun artırılmasına, gənc nəsildə məsuliyyət hissinin formalaşmasına kömək edir.
Digər çıxış edənlər rayon Heydər Əliyev Mərkəzinin direktoru Leyla Qarayeva, rayon üzrə təhsil sektorunun müdiri Mehparə Mirzəyeva, Ağsaqqallar Şurasının sədri Xəlifə Mirəliyev, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən ASAN Xidmət Mərkəzində Qeydiyyat şöbəsinin rəisi Səadət Şabanlı, həkim Lalə Tinayeva, rayon Gənclər və idman sektorunun əməkdaşı Nurlan Şibliyev ailənin milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında mühüm rol oynadığını, ailənin təkcə fərdi deyil, ictimai dəyər olduğunu, ailə sağlamlığının vacib əhəmiyyət daşıdığını, bu istiqamətdə profilaktik tədbirlərin davamlı aparılmasının zəruriliyini, uzunömürlü ailələrin cəmiyyətə örnək olduğunu və onların təcrübələrinin gənclərlə paylaşılmasının vacibliyini bildiriblər.
Balakən rayon icra hakimiyyəti