Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib

Regionun qədim tarixi abidələrindən biri olan Şamaxı məscidində baş tutan tədbirdə çıxış edən Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Qurbanzadə tədbirin bu məkanda keçirilməsinə aydınlıq gətirərək Şamaxı məscidinin Azərbaycanın, eləcə də İslamın ən qədim abidələrindən biri olduğunu vurğulayıb. 1200-dən artıq yaşı olan bu abidənin tarixi əhəmiyyətinə diqqət çəkib. Şirvan ərazisindəki daşınmaz tarix-mədəniyyət abidələri- Cavanşir, Şamaxı, Girdiman qalaları, Kələxana türbələri, Şahxəndan, Şeyx Dursun, Diribaba türbələri, Qırxotaq, eləcə də Orta əsr Ağsu şəhər tarix-memarlıq, Basqal və Lahıc tarix-mədəniyyət qoruqları, regionda aşkarlanmış qədim yaşayış məskənləri barədə geniş məlumat verərək onların tarixi əhəmiyyətindən söhbət açıb. İdarə və müəssisə əməkdaşları Şirvan qazısı Hacı Mərəhmət Mustafayevin təqdimatı ilə şərqin memarlıq nümunələrindən olan Şamaxı məscidi ilə yaxından tanış olublar. Hacı Mərəhmət Mustafayev bu abidənin Azərbaycanda baş vermiş çox böyük hadisələrə şahidlik etdiyini dilə gətirmiş, xüsusilə silahlı erməni dəstələri tərəfindən 1918-ci il soyqırımı zamanı bura sığınan 1500 nəfərdən artıq insanla birlikdə məscidə od vurulmasının tarixin ən böyük vəhşətlərindən biri olduğunu vurğulayıb.

Mədəniyyət müəssisələrinin əməkdaşları ilə abidələrin və onların mühafizəsinin əhəmiyyəti barədə müzakirələr aparılıb.

DağlıqŞirvanRMİ #mədəniyyət