
Masallıda şəhid Anar Novruzovun xatirəsi anılıb-Foto
Masallıda şəhid Anar Novruzovun xatirəsi anılıb
Turkdunyasi.az xəbər verir ki, Mayın 15-də Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində Aprel və Tovuz döyüşləri qəhrəmanı, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhid mayor Anar Novruzovun anadan olmasının 49-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.
Masallı Dövlət Regional Kollecinin, MİHİ Masallı rayon Komitəsi və Nizami Gəncəvi adına Masallı rayon Mədəniuyət Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə rayon rəsmiləri, yaradıcı insanlar, şəhidin doğmaları, mədəniyyət işçiləri, ictimaiyyət və media nümayəndələri, gənclər iştirak edib.
Tədbirdə əvvəlcə dövlət himnimiz səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi ehtiramla anılıb.
Masallı Dövlət Regional Kollecinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Rövşən Qurbanov, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Anar Gülverdi oğlu Novruzovun keçdiyi döyüş yolundan, İyul döyüşlərinin əhəmiyyəti, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfərdən söz açıb, şəhidin qəhrəmanlıq nümunəsinin yeni nəsl üçün örnək olduğunu bildiriblər.
Çıxışlarda Anar və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı, torpaqlarımızın azadlığı uğrunda canından keçən oğullarımızın xatirəsinin daim qəlblərdə yaşayacağı vurğulanıb.
Sonra Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair-publisist Güləmail Muradın qələmə aldığı “Akula ləqəbli kəşfiyyatçı” kitabının təqdimatı oldu.
Müəllif kitab haqqında məlumat verib, şeirlərini oxuyub.
AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangir, şair-publisist Elnur Uğur düşmənin qəniminə çevrilən qorxubilməz Vətən oğlu Anar Novruzov haqqında tanınmış vətənpərvər şair G.Muradın yazdığı kitabın gənc nəsil üçün təkcə qəhrəmanlıq nümunəsi olduğunu diqqətə çatdırdırıblar.
Daha sonra Masallı Dövlət Regional Kollecinin tələbələrinin iştirakı ilə şəhid mayora həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olunub, şəhidin vaxtilə təhsil aldığı Ərkivan qəsəbə 1 saylı tam orta məktəbi şagirdlərinin ifasında şeirlər, Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzinin solistləri Atamoğlan və Ruslan Zahidovların ifasında vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.
Yekunda şəhidin qardaşı Sücəddin Novruzov, oğlu Nihad Novruzov dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına, eləcə də tədbirin təşkilatçılarına minnətdarlıq bildiriblər.