Regionda öz qonşuluq missiyasını uğurla yerinə yetirən Azərbaycanın qonşu Gürcüstanla münasibətləri tarixən xüsusi əhəmiyyət kəsb edib. Bakı həmişə Tbilisini özünə strateji tərəfdaş, dost ölkə sayıb. Bu iki xalq arasında əsrlər boyu dostluq və qardaşlıq münasibətləri olub.
Bu gün bu dostluq əlaqələri ən yüksək səviyyədə inkişaf etdirilir. Hər iki ölkə regional təşkilatlar və platformalar çərçivəsində əməkdaşlıq edirlər. Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi kimi, Azərbaycan da ardıcıl olaraq Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunmuş ciddi nailiyyətlərin əsasını təşkil edir. Prezident İlham Əliyevin Gürcüstana müntəzəm səfərləri, Gürcüstan rəsmilərinin də ölkəmizə səfərləri özlüyündə Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər dərin və mənalı olduğunu göstərir. Aprelin 16-da Gürcüstanın Prezidenti Mixeil Kevalaşvilinin Azərbaycana səfəri zamanı prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında da bu məsələlərə geniş şəkildə toxunmuşdur.
Əsrlər boyu xalqlarımızın sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşadıqlarını, bu gün də dövlətlərarası münasibətlərin yüksək səviyyədə olduğunu, ölkələrimizin birgə bir çox önəmli layihələri icra etdiklərini diqqətə çatdıran prezident İlham Əliyev bildirib ki, “Bizi birləşdirən bir çox sərmayə layihələri qeyd etdiyim kimi, böyük coğrafiya üçün önəmlidir. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil.”
Bəli, məlumdur ki, hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmışdır. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır.
Azərbaycan və Gürcüstanın Cənubi Qafqazda sülhün təmin edilməsinə, təhlükəsizliyə öz töhfəsini verdiklərini vurğulayan ölkəmizin başçısı Cənubi Qafqazın uzun illər münaqişə, müharibə arenasına çevrildiyini xatırladaraq bildirib ki, “Ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq.” Prezident İlham Əliyev bundan sonra da iki ölkə arasında əlaqələrin yüksələn xətlə inkişaf edəcəyini diqqətə çatdırıb.
Prezident Mixeil Kavelaşvilinin Azərbaycana səfəri hər iki tərəfin qarşılıqlı faydalı əməkdaşlığın inkişafına və regionda sabitliyin möhkəmləndirilməsinə sadiqliyini nümayiş etdirdi. Hər iki ölkə strateji tərəfdaşlığı gücləndirməkdə və ümumi məqsədlərə nail olmaq üçün birgə işləməkdə qərarlıdır.

Famil Rəhimov
Zaqatala Heydər Əliyev Mərkəzinin direktoru