Aprelin 16-da Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının təşkilatçılığı ilə Balakən Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala regional bölməsinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin və Balakən rayonu Gənclər evi sosial xidmət müəssisəsinin iştirakı ilə Rauf Hədisov adına Yeni Şərif kənd tam orta məktəbində Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında Sərəncamın (27.12.2011) icrası olaraq “Narkotikə yox deyək” mövzusunda seminar keçirilib.
Seminarda DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbənin məsləhətçisi Ruslan Əfəndiyev, Balakən RİHBA-nın Hüquq şöbəsinin məsləhətçisi Mehman Papaxov, Balakən rayonu üzrə gənclər və idman sektorunun aparıcı məsləhətçisi Nurlan Şibliyev, Balakən rayonu “Gənclər evi” sosial xidmət müəssisəsinin vətənpərvərlik klubunun rəhbəri Osman Əliyev, məktəbin direktoru Sabir Xoçberov, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak edib.
Çıxışlar zamanı narkomaniyanın yoluxucu xəstəlik kimi əhali, xüsusən də gənclər arasında yayılmasından, öz miqyaslarını genişləndirərək bəşəriyyətin sosial-iqtisadi, mənəvi-əxlaqi dayaqlarını dağıtmaq səviyyəsinə çatmasından bəhs edilib. Narkomanlıq və narkobiznesin ərazi, milli, dini, sinfi və digər sərhədlər tanımayan, qlobal xarakter daşıyan beynəlxalq problemə çevrildiyi qeyd edilib. Ölkəmizin 1998-ci ildə BMT-nin “Narkotik vasitələr haqqında” 1961-ci il və “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyalarına qoşulması, Azərbaycanın BMT-nin narkotik vasitələr və psixotrop maddələrlə mübarizə ilə əlaqədar konvensiyalara qoşulduqdan sonra da bu sahədə çoxsaylı qanunvericilik aktlarının qəbul olunduğu vurğulanıb. BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən, 26 iyun tarixinin “Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə Günü” kimi qeyd olunduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Cəmiyyət olaraq bu kimi hallarla qarşılaşdığımız zaman bizim də ayıq–sayıq, müasir düşüncəli, dünyagörüşlü bir Azərbaycan gənci kimi zərərli vərdişlərlə mübarizədə görülən işlərə fəal töhfə verməli olduğumuz vurğulanıb.
Tədbirin yekununda fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Balakən rayon icra hakimiyyəti