
Novruz bayramı bəşəri və milli-mənəvi dəyərləri ehtiva edir.
Azərbaycan xalqının zəngin milli dəyərlər sistemini və adət-ənənələrini yaşadan bayramları sırasında Novruz bayramı xüsusi yer tutur. Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə ehtiva edən bu bayram, eyni zamanda sərhəd tanımayan türkün bütün əzəli torpaqlarında məskunlaşmış, eyni soykökünə mənsub insanları sarsılmaz birliyə, dostluq və həmrəyliyə, bolluq və firavanlıq uğrunda birgə mübarizəyə səfərbər edən, onların milli-etnoqrafik dəyərlərini tarix boyu bütün incəliklərinə qədər qoruya-qoruya çağdaş dünyamıza gətirib çıxaran bəşəri bir bayramdır. Xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, qədim mifik inanclarını, folklorunu, milli varlığını, bütün zənginliyi ilə özündə əks etdirən bu bayram həmçinin əcdadlarımızın indiki nəsillərə misilsiz yadigarı və əbədiyaşarlıq rəmzidir.
Ulu Öndər Heydər Əliyevin Novruz bayramı haqqında səsləndirdiyi fikirlərə nəzər salsaq, bu bayramın əzəmətinin böyüklüyünün bir daha şahidi olarıq: “Novruz bayramı xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomendir. Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli dövlətçilik konsepsiyasını böyük əzmlə həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətdə xalqımızın milli-mənəvi dəyərləri xüsusi yerə malikdir. Ulu öndər Heydər Əliyevin ali ideyalarının gerçəkləşməsində Ölkə rəhbəri cənab İlham Əliyevlə birgə, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır. Məhz Birinci vitse-prezidenti böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmişdir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı layihələri Azərbaycanın mənəvi, tarixi, mədəni irsinin qorunması işində əvəzolunmaz rol oynamışdır. Mehriban xanım Əliyeva Azərbaycanın maddi və qeyri-maddi irsinin, Qarabağ mədəniyyətinin, Azərbaycan xalqının yaratmış olduğu ənənə və dəyərlərin dünyada tanıdılması üçün müxtəlif təqdimatlar, sərgilər, tədbirlər keçirmişdir. Azərbaycan xalqının yaratmış olduğu mədəni abidələr dünya irs siyahılarına daxil edilərək qorunma altına alınmışdır.
Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir”. Novruz bayramı, bayram adət-ənənələri eyni zamanda təkcə sadə xalq arasında deyil, həmçinin siyasi arenalarda da qeyd olunur. Beləliklə, Novruz bayramlaşma təcrübəsi, qarşılıqlı hörmət və ehtibarlı münasibətlərin tərənnümü, yeni siyasi mədəniyyətdir desək, hec də yanılmarıq.
İsmayıllı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin metodisti:Ülviyyə Cəbiyeva.