Martın 13-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu işə başlayıb. Forumda bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.
Açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək bir neçə əsas strateji istiqamət üzrə mühüm mesajlar verib. Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bu platformanın təşkili və inkişafında oynadığı rolu qeyd edərək, onun dünya miqyaslı fəaliyyətini xüsusi vurğulayıb.
Dövlətimizin başçısı həmçinin ötən ilin mühüm hadisəsi olan COP29 iqlim konfransına diqqəti yönəldərək hər zaman aktuallığını qoruyan enerji təhlükəsizliyi məsələsindən bəhs edib, enerji siyasəti ilə bağlı strateji istiqamətləri daimi prioritet kimi diqqətə çatdırıb. Ənənəvi enerji resurslarına malik olan Azərbaycanın paralel şəkildə yaşıl enerjiyə keçid üzrə apardığı işlər nümunəvi siyasət kimi təqdim olunub. Qeyd edilib ki, 2030-cu ilə qədər bərpaolunan enerjidən, əsasən günəş və küləkdən, o cümlədən Azərbaycanın azad edilmiş ərazilərdəki hidroresurslardan əlavə 6.5 giqavatlıq enerji gücləri alınacaq. Bu yanaşma yalnız daxili ehtiyaclara deyil, regional və qlobal enerji təhlükəsizliyinə də töhfə verir. Azərbaycan artıq təkcə karbohidrogen ixracatçısı deyil, eyni zamanda yaşıl enerji ixracatçısı kimi yeni status qazanmaqdadır.
Prezident İlham Əliyev çıxışında COP29 tədbiri zaman ölkəmizə qarşı aparılan çirkin qarayaxmalara da toxunub. Azərbaycan lideri nitqində bu təəssüf doğuran vəziyyətin müxtəlif səbəblərinin ola biləcəyini vurğulayıb. Qeyd edib ki, “onlar öz iradəsini yeridə bilmədilər. Onlar suverenliyimizin, ərazi bütövlüyümüzün tam bərpasına yönəlmiş siyasətimizi dəyişə bilmədilər. Onlar o faktla razılaşa bilmirdilər ki, burada, Qafqazda öz milli maraqlarını güdən ölkə, yəni böyük bosslar qarşısında hər zaman “bəli, cənab” deməyən ölkə var. Əfsuslar olsun ki, Fransa hökuməti hətta COP29-u boykot etmək üçün bir çox ölkələri təhrik edərək, daha uzağa getdi. COP29-da iştirak etmiş dünya liderlərindən etibarlı informasiyamız var və onlar bu haqda məlumat verdilər. Hətta gəlməyən rəhbərlər mesaj göndərdilər ki, şəxsən Fransa prezidenti COP29-a qarşı kampaniya aparırdı.”
Azərbaycan Prezidentinin çıxışında Ermənistanın uzunmüddətli işğal siyasətinin nəticələri də geniş şəkildə diqqətə çatdırılıb. Xocalı faciəsi ilə bağlı dövlət başçısının mesajları tarixi ədalətin bərpası baxımından böyük əhəmiyyət kəsb edir.
Azərbaycan Prezidenti çıxışının geniş hissəsini regional təhlükəsizlik məsələlərinə ayıraraq, xüsusilə Ermənistanın İkinci Qarabağ müharibəsi zamanı mülki əhalini məqsədli şəkildə atəşə tutması, “İsgəndər M” raketindən istifadə faktı və bu təcavüzlərin beynəlxalq hüquq normalarına zidd olması faktlarını beynəlxalq auditoriyanın diqqətinə çatdırıb. Ermənistanla normallaşma prosesi çərçivəsində əsas şərtlərdən biri kimi Ermənistan Konstitusiyasında yer alan ərazi iddialarının ləğv edilməsini mütləq hesab edən Prezident İlham Əliyev qeyd edib ki, gələcəkdə hər hansı razılaşmalar yalnız yazılı hüquqi sənədlərlə müşayiət olunmalı, şifahi bəyanatlarla kifayətlənilməməlidir. Bu, diplomatik etimadın qurulması üçün minimal şərt kimi təqdim olunur.
Azərbaycan prezidenti Ermənistanın yeni silahlar əldə etdiyini vurğulayaraq Fransa və onun Prezidentinin Ermənistanı yenidən müharibəyə sürüklədiyini, Avropa İttifaqının kəşfiyyat missiyası olan dırnaqarası Avropa monitorinq missiyası gecə-gündüz casus kimi sərhədlərimizdə dayandığını diqqətə çatdırıb.
Bəli, Ermənistanın silahlanmadan imtina etməsi və bölgədə sabitliyə mane olacaq siyasətdən çəkinməsi vacibdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistan Azərbaycanla sülh sazişi imzalayarsa, silahlanmadan da imtina etməlidir. Ermənistan Azərbaycanın tələblərini nəzərə almalıdır.
Prezident çıxışında Bakı-Vaşinqton münasibətlərinə də toxunub. Bildirib ki, Azərbaycan hazırda ABŞ-də baş verənləri maraqla izləyir. Dövlətimizin başçısı əlavə edib ki, Dövlət Departamentinin bütün səylərinə baxmayaraq, ABŞ-Azərbaycan münasibətləri uçurumdan tam xilas edilib: “ümid edirik ki, yeni administrasiya ilə Cənubi Qafqaz, sülh, təhlükəsizlik, antiterror əməliyyatları, regionumuzun müasir inkişafı üçün hər zaman vacib olmuş güclü tərəfdaşlığımızı yenidən quracağıq.”
13-15 mart 2025-ci il tarixlərində keçirilən XII Qlobal Bakı Forumu bir daha sübut etdi ki, Bakı artıq sadəcə region üçün deyil, bütövlükdə beynəlxalq ictimaiyyət üçün önəmli bir siyasi və intellektual platformaya çevrilib.

Oruc Qaraxanov
Rayon ziyalısı, Filologiya üzrə Fəlsəfə doktoru,
Zaqatala şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi.