Yurdumuza yaz gəlir. Yaşıl libaslı bahar elimizə-obamıza bir başqa gözəlliklə qədəm qoyur. Bütün Azərbaycanda çatılan Zəfər, Novruz tonqallarının şölələri xalqımızın hər bir üzvünün qəlbinə sevinc saçır. Azərbaycan xalqı bayram sevincini Zəfər qürurunun yaratdığı təsvirəgəlməz coşqu ilə qeyd edir.
Xalqımızın ən qədim və ənənəvi bayramlarından biri olan, baharın gəlişinin və təbiətin yenilənməsinin rəmzi sayılan Novruz təkcə təqvimdə yeni bir günün başlanğıcı deyil, eyni zamanda qədim inanclara və milli dəyərlərə əsaslanan zəngin bir mədəni irsdir. Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə ehtiva edən bu bayram, eyni zamanda əcdadlarımızın indiki nəsillərə misilsiz yadigarı və əbədiyaşarlıq rəmzidir.
Sovet hakimiyyəti illərində Novruz bayramının keçirilməsinə sərt qadağalar qoyulsa da, xalqımız bu əziz bayramı həmişə qeyd etməyə can atmışdır. Ulu Öndər Heydər Əliyev sovet hakimiyyətinin qadağalarına baxmayaraq, milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşmış, xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə gəldikdən sonra vaxtilə qadağalara məruz qalan, yasaq olunan milli bayramlar, adət və mərasimlər xalqa qaytarılmış, Novruz bayramı milli dövlət bayramı səviyyəsinə yüksəldilmişdir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görkəmli dövlət xadiminin layiqli varisi kimi Ümummilli Liderin bu istiqamətdə müəyyənləşdirdiyi siyasətə sadiq qalaraq Novruzun yüksək səviyyədə qeyd olunması üçün lazımi tədbirlər həyata keçirir. Aparılan uğurlu dövlət siyasəti nəticəsində Novruz bayramı xalqımızın milli bayramı olaraq bütün dünyada geniş təbliğ edilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmişdir. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunmuşdur. Mehriban xanım Əliyevanın məqsədyönlü fəaliyyəti sayəsində xalqımızın milli bayramı olan Novruzun beynəlxalq müstəvidə tanidılması üçün həyata keçirilən bu işlər Azərbaycan mədəniyyəti tarixində mühüm hadisə hesab edilməlidir.
Bəli, Novruz bayramı Azərbaycan xalqının çoxçalarlı incəsənətinin güzgüsüdür, habelə milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür. Novruz bayramı hər bir xalqın özünəməxsus adət-ənənələri ilə zənginləşmişdir. Bayramla bağlı ənənələr xalqın əsrlər boyu formalaşmış dəyərlərini özündə əks etdirir. Novruzun gəlişinin ilk müjdəçilərindən biri çərşənbələrdir. Çərşənbələri ruh yüksəkliyi ilə qarşılamaq lazımdır.
Novruz bayramında küsülülər barışır, qohumlar bir-birini ziyarət edir, bayram süfrələri açılır, insanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır. “Papaqatdı”, “qulaq falı”, “üzük falı”, “tonqal qalamaq”, “xonça bəzəmək”, “səməni yetişdirmək”, “yumurta döyüşdürmək” və digər adətlər Azərbaycan xalqının tarixini və zəngin folklorunu özündə ehtiva edir. Novruz bayramında kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirir, meydanlarda kosa və keçəlin iştirakı ilə komik tamaşalar göstərilir. Bu ənənələri qorumaq, yaşatmaq, gələcək nəsillərə bu bayramın dəyərini aşılamaq cəmiyyətin üzərinə düşən mühüm vəzifələrdən biridir.
Artıq beşinci ildir ki, xalqımız öz əziz bayramını işğaldan azad olunan ərazilərdə böyük sevgi və coşğu ilə qarşılayır, doğma Qarabağımızda, Şuşamızda bayram tonqalları alovlandırılır, yurd yerlərimiz öz əzəli sahibləri tərəfindən dirçəldirilir. “Mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim” deyən, möhtərəm prezidentimiz cənab İlham Əliyev eyni zamanda Azərbaycan xalqının arzularını reallaşdıraraq xalqımızın qüdrətini, yenilməzliyini, müzəffərliyini bütün dünyaya nümayiş etdirir.
Qoy bu bayram ölkəmizə sülh, əmin-amanlıq, süfrələrə ruzi, bərəkət, bolluq gətirsin. Yurdumuz əmin-aman, torpağımız bərəkətli olsun!
Bayramınız mübarək!

Fizzə Mahmudova
Şəki Regional Mədəniyyət İdarəsinin Zaqatala rayonu üzrə nümayəndəsi, baş məsləhətçi