Hafiz Həsənov da QHT-lərlə bağlı cinayət işində təqsirləndirilir: ev dustaqlığı qərarı verilib

“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov da Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) haqqında cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb. Martın 17-də Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun haqqında ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hafiz Həsənov martın 14-də daha 3 təşkilat rəhbəri ilə birlikdə saxlansa da, həmin gün axşam saatlarında buraxılmışdı. O, sonradan təqsirləndirilən şəxs qismində yenidən istintaqa cəlb edilib. Hafiz Həsənov rəhbərlik etdiyi “LD Konsaltinq” MMC vasitəsilə donor təşkilatlardan layihə üçün aldığı maliyyəni qrant müqaviləsi yox, xidmət müqaviləsi kimi rəsmiləşdirməkdə suçlandırılır.

Xatırladaq ki, martın 14-də eyni cinayət işi üzrə Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı da həbs olunub. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onların hər biri haqqında 3 ay 28 günlük həbs qətimkan tədbiri seçilib. Martın 19-da həbs qərarından apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsi həbsi qüvvədə saxlayıb.