
Təxminən 2019-cu ilin sonu, 2020-ci ilin əvvələrində o qənaətdə idim ki, Vladimir Putin və Rəcəb Tayyip Ərdoğanın siyasi ömrü başa çatıb. Lakin o zaman bu iki şəxs və onların rəhbərlik etdiyi ölkələrin dövlətçilik ənənələri haqqında bir qədər yüksək fikirdə olduğum üçün proseslərin bu günkü həddinə gəlib açatacağına inanmırdım.
Hesab edirdim ki, Putin və Ərdoğan yolun sonuna gəldiklərini anlayırlar və hakimiyyəti başqa bir şəxsə ötürəcəklər. Belə düşünürdüm ki, hətta Putin və Ərdoğan hakimiyyətdən „könüllü“ əl çəkməsə, ölkələrinin siyasi, hərbi, biznes və elmi elitası, dövlət ağlı özündə güc tapıb bu şəxsləri hakimiyyətdən çəkilməyə sövq edə biləcək.
Lakin onu da bilirdim ki, əgər bu şəxslər hakimiyyətlərini qorumağa və davam etdirməyə təkid edərlərsə, ölkələrinə çox böyük zərər vuracaqlar. Putinin Rusiyaya vurduğu zərəri Rusiyanın son 600 illik tarixində heç bir dövlət başçısı vurmayıb. Rusiya İmperiyasının sonuncu imperatoru II Nikolayın səhvi dövlətə dəyişmişdisə, Putin rus xalqını da insanlıq əleyhinə cinayətlərinin ortağına çevirib. Putinin Rusiyaya vurduğu yaraları bundan sonra sağaltmaq mümkün deyil və Rusiya aldığı yaralardan hökmən öləcək.
Ərdoğanın hakimiyyətini qoruyub saxlamaq istəyi Türkiyəyə yüz milyardlarla dollara başa gəlib. Ən son qərarı, rəqibi Ekrem İmamoğlunu həbs etdirməsi Türkiyəyə bir gün içərisində bir neçə on milyard dollar zərər vurub. Bu zərər getdikçə daha da artacaq və Türkiyəni Pakistanın düşdüyü vəziyyətə düşürəcək. Əgər bununla kifayətlənməz və ikinci bir İmamoğlu səhvinə yol verərsə, bu Türkiyənin suriyalaşmasına səbəb olacaq.
Çox istərdim ki, Türkiyənin siyasi, hərbi, biznes və elmi elitası özündə güc tapıb Ərdoğanı ikinci İmamoğlu səhvindən çəkindirə bilsin. Ancaq Devlet Bahçelinin adından yayılan açıqlama göstərir ki, Ərdoğanı ikinci İmamoğlu səvindən çəkindirəcək dövlət ağlı yoxdur.
Xəqani Cəfərli politoloq