
Çinlə yaxınlaşan Azərbaycana ABŞ-dan reaksiya
Azərbaycan xarici siyasətində strateji dəyişiklik və tərəf seçimi.
İlham Əliyevin Çinə səfərinə reaksiya özünü çox gözlətmədi. ABŞ Konqresinin insan hüquqları üzrə Tom Lantosun adını daşıyan komissiyası Azərbaycanda insan haqları və repressiyalar mövzusunda müzakirələr keçirməyə hazırlaşır.
Komissiya bununla bağlı yaydığı məlumatda
Azərbaycanda insan haqları ilə bağlı vəziyyətin getdikcə daha çox pisləşdiyini, korrupsiyanın geniş vüsət aldığını, siyasi müxalifətin illərlə davam edən təqiblərə məruz qaldığını və hakimiyyət son illərdə repressiyaları genişləndirdiyini bildirib.
Tom Lantosun komissiyasının iki həmsədri var, onlardan biri Nyu Cersi ştatından olan respublikaçı Kristofer Smit, diğəri isə Massaçusets ştatını təmsil edən Ceyms Makqoverndir. Maraqlıdır ki, ABŞ-da iki partiya arasında münasibətlərin və fikir ayrılıqlarının ən kəskin olduğu bir dönəmdə, Azərbaycanda siyasi repressiyalarla bağlı hər iki partiya eyni mövqedən çıxış edir. Bu isə o deməkdir ki, bu mövzunun indiki halda gündəmə gəlməsi, təkcə konqresin deyil, həm də administrasiyanın maraqlarını ifadə edir.
Aydındır ki, Tramp hakimiyyətə gələndən ABŞ siyasətində insan hüquqları və demokratiya əvvəlki kimi piroritet hesab olunmur. Məhz, buna görə də siyasətdə belə bir piroritet dəyişikliyi olduğu bir dönəmdə Konqresin Azərbaycandakı repressiyaları gündəmə gətirməsi xarici ölkə ilə bağlı keçirilən ilk müzakirə nümunəsi kimi diqqəti cəlb edir.
Konqresdə təyin olunmuş bu müzakirəyə İlham Əliyevin Çin səfərinin Tramp hakimiyyətində doğurduğu xoş olmayan təəssüratın da təsir göstərdiyi şübhəsizdir. Çin və ABŞ arasında iqtisadi savaşın kəskinləşdiyi indiki vəziyyətdə Sİ Cinpinqin hansı addımlar atdığına “dörd gözlə” baxıldığı bir dönəmdə Pekinə edilən səfər aydındır ki, diqqətdən kənar qala bilməzdi.
Xatırlayırsınızsa elə bu günlərdə Çin səfəri barədə məlumatlar yayılanda, Tramp Novruz bayramından bir ay sonra İlham Əliyevə çox gecikmiş bir təbrik teleqramı göndərmişdi. Bu teleqram məzmun baxımından adi təbrik mətni olsa da, gecikmiş göndərilməsinə və təsadüf etdiyi vaxta görə, əslində Çin səfərindən öncə bir daha düşünməyə dəvət idi.
Tramp adminstrasiyası bu gün Çini təkcə ticarət tarifləri ilə deyil, həm də qlobal bazarlara daha ucuz və sürətli çıxış yaradan nəqliyyat xətləri üzərində nəzarət qurmaqla sıxışdırmağa çalışır. Bu baxımdan Azərbaycan Çinin “bir kəmər, bir yol” qlobal əhəmiyyətli nəqliyyat layihəsində orta dəhliz üzərində yerləşdiyinə görə, bu ölkə üçün mühüm geoiqtisadi əhəmiyyət daşıyır. Ona görə də ABŞ bu gün Azərbaycana öz əlinin içində tutmaq istətdiyi və istədiyi vaxt sıxa biləcəyi Çinin nəqliyyat boğazlarından biri kimi baxır.
Və bu məsələdə İlham Əliyevin Çinə səfəri və orada strateji ortaqlıqla bağlı imzalanmış sənədlərin miqyası, həm də qlobal miqyasda öz tərəfini seçmək, ölkənin xarici siyasət kursunu Asiyaya doğru dəyişmək anlamına gəlməkdədir. Bu baxımdan son zamanlar Pakistanla olan hərbi əməkdaşlıq, təkcə bu ölkənin Qarabağ məsələsində tutduğu mövqeyə görə deyil, həm də geostrateji baxımdan Çinin qurduğu təhlükəsizlik oxuna inteqrasiya prosesinin də bir göstəricisidir.
Demək ki, Tramp adminstrasiyasının ölkə içində və xaricində demokratiya məsələsinə münasibətindən asılı olmayaraq, qarşıdakı günlərdə biz ABŞ-n Azərbaycanın xarici siyasət kursundakı bu dəyişikliyə insan hüquqları və demokratiya kontekstindən növbəti reaksiyalarını da müşahidə edə bilərik. Unutmayaq ki, bu gün demokratiya təkcə dəyərlər məsələsi deyil, həm də geosiyasi rəqabət aləti rolunu oynamaqdadır.
Fuad Qəhrəmanlı.