O,Dövlət dili sahəsində yaşanan problemlərin həllinə xidmət edən siyasət

Hər bir xalqı, milləti digərlərindən fərqləndirən ən başlıca amillərdən biri onun dilidir. Dil xalqların dəyişməz, toxunulmaz, müqəddəs simvolu kimi çıxış edir. Azərbaycan dili də məhz belə dillərdəndir. Qədim köklərə malik olan Ana dilimiz sistemli inkişaf mərhələsi keçərək, müxtəlif nəsillərin yaddaşına ötürülərək yaşayıb və yeni-yeni sözlər hesabına zənginləşib. Tarix boyu öz mövcudluğunu qoruyub saxlamağı bacaran dilimiz, zaman-zaman kənar sözlərdən təmizlənərək, xalqın yaratdığı öz sözləri ilə gözəl və saf bir dil nümunəsi kimi formalaşıb.
Azərbaycan dili özünəməxsus zənginliyi ilə başqa dillərdən seçilir. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi Ulu Öndərin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev Hələ sovet dövründə ana dilimizin qorunması, zənginləşdirilməsi, inkişaf etdirilməsi, Azərbaycan dilinin dövlət dili statusunun təmin edilməsi kimi tarixi işlər gerçəkləşdirmişdi. Ölkədə dil siyasətinin formalaşdırılması, ana dilinin dövlət dili olaraq tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilməklə, həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolunun və nüfuzunun yüksəlməsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır.
“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”- deyən ulu öndər Heydər Əliyevin apardığı gərgin işin, atdığı qətiyyətli addımların nəticəsi olaraq 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsi ilə Azərbaycan dili dövlət dili kimi təsbit edildi. SSRİ- nin sərt qanunları altında öz amalı ugrunda ugurlu mübarizə aparan dahi şəxsiyyət ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra öz prinsipinə uyğun olaraq fəaliyyətini daha da genişləndirmiş və bir-birinin ardınca Azərbaycanın tam müstəqil və demokratik mövcudluğuna səbəb olan qərarlar vermişdir. Bu önəmli qərarlardan biri də 1995-ci ildə Azərbaycan dilinin dövlət dili olması qərarının referendumla təsdiqidir ki, bu möhtəşəm addım Azərbaycan dilinin müstəqil şəkildə inkişafina və güclənməsinə səbəb oldu. Azərbaycan dili özünün hazırkı səviyyəsinə çatana qədər müxtəlif tarixi mərhələlərdən keçib. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə Azərbaycan dilində mətbuatın, mədəniyyətin, elm və təhsilin inkişafı üçün böyük işlər görülüb, dövlət dilinin ictimai-siyasi və mədəni mövqeyinin yüksəlməsinə nail olunub.
Ulu öndər Heydər Əliyevin dilə olan münasibəti və sevgisi onun çoxsaylı çıxışlarında aydın ifadə olunub. “Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”, həmçinin “Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilərik” – deyən ulu öndər Heydər Əliyev təkzibolunmaz bir gerçəklikdən çıxış edib. Çünki həqiqətən də bir xalq üçün ən böyük mənəvi qazanc onun yaratdığı, qoruduğu təmiz, zəngin, bəlağətli dilidir.
Ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur.
Azərbaycanlı olmaqla, Azərbaycan dilində danışmaqla hər zaman fəxr edən Heydər Əliyevin dil siyasəti təqdirəlayiq haldır ki, özündən sonra da davam etdi və onun siyasi varisi, Prezident İlham Əliyev ana dilinin qorunması, yaşaması və inkişafı üçün özündən əvvəl görülən bütün gərəkli işləri uğurla irəli apardı. Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışlarının birində demişdir: “Əsrlər boyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan dilidir. Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir”. Həqiqətən də mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malik olan, 50 milyon insanın danışdığı və onlar arasında əsas ünsiyyət vasitəsinə çevrilən Azərbaycan dili bu gün dünyanın ən zəngin və inkişaf etmiş dilləri sırasında öz layiqli yerini tutmuşdur.
Hazırladı:Ağsu rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi informasiya şöbəsinin müdiri Əliyev Əzəmət