
Ölkəmiz Xivədə keçirilən IV Beynəlxalq Baxşı Sənəti Festivalı və II Türk Dünyası Mədəniyyət Forumunda təmsil olunur
Özbəkistanın qədim Xivə şəhərində IV Beynəlxalq Baxşı Sənəti Festivalı və tədbir çərçivəsində II Türk Dünyası Mədəniyyət Forumu keçirilir.
26-28 aprel tarixlərini əhatə edən festival Özbəkistan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, UNESCO və ICESCO-nun himayəsi ilə reallaşır.
Mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti festival və forumda iştirak edir.
Festivalın açılış mərasimində Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev Türk Dövlətləri Parlament Assambleyasının baş katibi Mehmet Süreyya Er, Qırğızıstan mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin müavini Gülbara Abdıkalıkova və digər rəsmilər, eləcə də 40-dan çox ölkədən 200-ə yaxın elm və mədəniyyət xadimi, ifaçılar iştirak edirlər.
Ozodbek Nazarbekov tədbir iştirakçılarını Türk dünyasının qədim mədəniyyət mərkəzlərindən olan Xivə şəhərində salamlamaqdan məmnunluğunu bildirib. Qeyd edib ki, son illər qardaş ölkələrdə təşkil olunan beynəlxalq festivallar, müsabiqələr, konfranslar xalqlarımızın mənəvi birliyinin təmin olunması, ümumi dəyərlərimizin qorunub saxlanılması və mədəni əlaqələrin daha da möhkəmlənməsinə öz töhfəsini verir.
Özbək nazir 2023-cü ilin oktyabr ayında Azərbaycanın Şuşa şəhərində keçirilmiş I Türk Dünyası Mədəniyyət Forumunun dostluq münasibətlərimizin dərinləşməsində, əməkdaşlıq əlaqələrinin yeni səviyyəyə yüksəlməsində mühüm rol oynadığını deyib.
IV Beynəlxalq Baxşı (aşıq) Sənəti Festivalı haqqında danışan nazir Özbəkistanda xalq şifahi yaradıcılığının gözəl və nadir nümunəsi olan baxşılıq sənətinin qorunub saxlanılması, inkişaf etdirilməsi və təbliği istiqamətində mühüm işlər görüldüyünü diqqətə çatdırıb. Deyib ki, iki ildən bir keçirilən festival bu ulu sənətin yaşadılması və təbliği baxımından əhəmiyyətli tədbirdir.