
Rusiya neftini daşımağa görə “Qarabağ”,”Şuşa” sanksiya siyahısına düşdü
18 iyul tarixində Avropa İttifaqı Rusiyaya qarşı on səkkizinci sanksiyalar paketini qəbul edib. Bu yeni paketə Rusiya neftinin daşınmasında iştirak edən 105 tanker daxil edilib. Avropa İttifaqı Şurasının 2025/1495 saylı qərarına əsasən, bu gəmilərin Aİ-yə üzv ölkələrin limanlarına daxil olması və geniş spektrli dəniz daşımalarına dair xidmətlərdən istifadə etməsi qadağan olunub.
Sanksiyaya məruz qalan tankerlər arasında “Nizami Gəncəvi”, “Qarabağ” və “Şuşa” da var. Aİ-nin “qara siyahısı”na bu gəmilər Rusiya mənşəli xam neft və ya neft məhsulları daşıdıqları və ya Rusiya ərazisindən riskli və qeyri-standart gəmiçilik metodları ilə ixrac etdikləri üçün salınıb.
“Şuşa” — 250 metr uzunluğunda və 44 metr enində olan, xam neft daşınması üçün nəzərdə tutulmuş tankerdir. Bu gəmi 2017-ci ildə Cənubi Koreyada tikilib. Onun sahibi Azərbaycan şirkəti SA Susha Shipholdings, operatoru isə 2023-cü ilin yanvarında dövlətə məxsus ASCO (Azerbaijan Caspian Shipping Company) əsasında yaradılmış ASCO Shipmanagement AFEZCO şirkətidir. Bu operator şirkət ASCO-nun törəmə müəssisəsi sayılır. Sahibi və operator eyni ünvan üzrə – Bakıda qeydiyyatdan keçiblər.
Hazırda “Şuşa” Aralıq dənizində səfərdədir (gəmi 14 iyul tarixində Türkiyənin Nemrut limanından çıxıb və 27 iyulda təyinat limanına çatmalıdı). Bu Azərbaycan tankeri üzrə naviqasiya statistikası göstərir ki, son zamanlar o, Rusiya ilə Türkiyə arasında hərəkət edir.
“Qarabağ” — 250 metr uzunluğunda və 44 metr enində olan, xam neft daşıyan gəmidır. 2018-ci ildə Yaponiyada inşa olunub. Gəminin sahibi SA Karabakh Shipholdings, texniki idarəçisi (ISM manager) ASCO Shipmanagement AFEZCO, kommersiya idarəçisi isə yenə SA Karabakh Shipholdings şirkətidir. Bu şirkətlər də Bakıda eyni ünvanda qeydiyyatdan keçiblər. Naviqasiya məlumatlarına əsasən, bu gəmi də son dövrlərdə Rusiya ilə Türkiyə arasında üzür.
“Nizami Gəncəvi” (IMO 9369617, MMSI 273314230) — kimyəvi məhsullar və neft məhsulları daşıyan tanker olub, 2006-cı ildə (19 il əvvəl) inşa edilib. Hazırda Rusiya bayrağı altında üzür. Gəminin cari mövqeyi Xəzər dənizindədir. Gəmi 24 iyul saat 12:00-da çatması gözlənilən Okarem limanına istiqamətlənib. Bu tanker İstanbulda qeydiyyatdan keçmiş Palmali Shipping Service şirkətinə məxsusdur.
azadlıq qəzeti