Rusiya prezidenti Vladimir Putin mayın 8-i saat 00:00-dan mayın 11-i saat 00:00-dək – üç gün ərzində Rusiya qoşunlarına Ukraynada döyüş əməliyyatlarını dayandırmaq göstərişi verib. Bu barədə Kremlin saytında məlumat dərc olunub.

Məlumatda deyilir ki, atəşkəs “humanitar mülahizələrə əsaslanaraq” Böyük Vətən müharibəsində qələbənin 80-ci ildönümü münasibətilə elan olunur.

Eyni zamanda, vurğulanır ki, atəşkəsin Ukrayna tərəfindən pozulacağı təqdirdə Rusiya Silahlı Qüvvələri “adekvat və effektiv” cavab verəcək.

Atəşkəs qüvvəyə minərsə, bu, Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı başlatdığı genişmiqyaslı işğal müharibəsində ən uzunmüddətli atəşkəs olacaq. Daha əvvəl Putin Pasxa bayramı münasibətilə atəşkəs elan etmişdi – bu, 19 və 20 aprel tarixlərində 30 saat davam etmişdi. Həmin vaxt hər iki tərəf bir-birini atəşkəsi pozmaqda ittiham etsə də, Ukrayna prezidenti Volodimir Zelenski həmin günlər ərzində Ukraynada hava həyəcanı siqnallarının verilmədiyini bildirib.

Putinin 8-10 may tarixlərində elan etdiyi atəşkəsə, hələlik, Ukrayna rəsmi reaksiya verməyib.

azadlıq radiosu