Rusiyanın dağıdılması üçün üç vasitə

Almaniya kansleri Fridrix Merz Bundestaqda büdcə müzakirəsi zamanı bəyan edib ki, Ukraynada müharibənin sülh yolu ilə həlli üçün artıq yol yoxdur. “Diplomatik vasitələr tükənib”. Bu Qərbdə və bütüövlükdə dünyada yaranmış qənaətin ifadəsidir. Diplomatik vasitələr tükəndiyi üçün digər vasitələr gücləndiriləcək.
İtaliya Prezidenti Sergio Mattarella bəyan edib ki, Avropanın təhlükəsizliyi Ukraynanın təhlükəsizliyindən asılıdır. Avropanın öz təhlükəsizliyini təmin etmək üçün hər şey edəcəyinə şübhə olmamalıdır.
ABŞ, Avropa İttifaqı və Böyük Britaniya Rusiyaya qarşı yeni sərt sanksiyalar tətbiq etməyə hazırlaşır. Qərb bu sanksiyalarla Rüsiyanın iqtisadiyyatını dağıtmaqla Ukraynaya qarşı müharibənin davam etdirilməsini imkansız hala gətirməyi hədəfləyir. Fransanın xarici işlər naziri Jan-Noel Barrot deyib ki, növbəti tədbirlər paketi Rusiyanın resurslarını “tükənmək” və onun hərbi əməliyyat keçirməsinin qarşısını almaq məqsədi daşıyır.
Paralel olaraq Ukraynanın silahlandırılması yeni vüsət almağa başlayır və bu Rusiyanın itgilərin miqyasının kəskin artmasına səbəb olacaq.
Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi və Ukraynanın silahlandırılmasının gücləndirilməsi ilə yanaşı Rusiyanın daxildən də sarsıdılması ilə bağlı tədbirlərin işə düşəcəyinə heç kim şübhə etməməlidir. Baxmayaraq ki, Qərbdə heç kim bu məsələdən bəhs etmir. Çünki, bu Rusiyaya qarşı sanksiyaların tətbiqindən və Ukraynanın silahlandırılmasından daha həsas məsələdir.
Unutmaq olmaz ki, yorucu müharibə və pisləşən sosial-iqtisadi vəziyyət çoxmillətli və çoxkonfessiyalı Rusiya cəmiyyətini patrtlama həddinə gətirib. Kiçik bir müdaxilə və yaxud təsadüfi bir hadisə böyük partlayış doğura bilər.
Yanğın üçün münbit şəraitin olduğu yerdə küləyin gətirdiyi təsadüfi qığılcım böyük yanğına səbəb olduğu kimi, təsadüfi bir hadisə belə partlama həddinə çatmış cəmiyyətin xaosa yuvarlanması üçün yetərli ola bilər.

Xəqani Cəfərli politoloq