Azərbaycan Xalq Cəbhəsinin sədri: “Cənubi Qafqaz Moskvadan uzaqlaşır və Qərbə doğru irəliləyir”

Azərbaycan müxalifət lideri Vaşinqtonda imzalanmış Ermənistanla sazişin əhəmiyyətini dəyərləndirdi.

Belarus demokratik qüvvələrinin ən tirajlı media resursu olan Charter97.org (Xartiya 97) saytının İlham Əliyev və Nikol Paşinyanın 8 avqustda Ağ Evdə imzaladığı birgə bəyannamə və bu hadisənin Cənubi Qafqaz ölkələri və qlobal geosiyasi kontekst üçün təsiri ilə bağlı sualını cavablandırmışam (link şərh bölümündə).
Burada isə Charter97.org saytına açıqlamamı azərbaycan dilində oxuya bilərsiz.

Əliyev və Paşinyanın Vaşinqtonda prezident Trampın vasitəçiliyi ilə bir araya gəlməsi, Azərbaycanla Ermənistan arasında sülh sazişini paraflaması və sülhə sadiqliklə bağlı birgə bəyanat imzalaması şübhəsiz ki, Azərbaycanla Ermənistanı sülhə ciddi şəkildə yaxınlaşdırdı.

Təəssüf ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin özü bu dəfə də imzalanmadı. Yekun sülh sazişinin olmaması isə sülhə təhlükələrin hələ də diri qaldığını göstərir.

Ancaq hesab edirəm ki, prezident Trampın iştirakı ilə Əliyev və Paşinyanın imzaladığı birgə bəyanat da tərəflərin üzərinə çox ciddi öhdəlik qoyur ki, sülhü pozmasınlar.

Üstəlik, son vaxtlara qədər Azərbaycanla Ermənistan arasında ziddiyyətin əsas səbəbi olan Azərbaycanın əsas ərazisi ilə (eksklav olan) Naxçıvan Muxtar Respublikası arasında əlaqə üçün zəruri olan “Zəngəzur koridoru” ilə bağlı da kompromis əldə olunub. Əldə olunmuş razılaşmaya görə, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (ingiliscə TRIPP) Ermənistanın ərazi bütövlüyünü pozmadan, Azərbaycanın əsas hissəsilə Naxçıvan arasında təhlükəsiz kommunikasiyanı təmin etməlidir.

Xatırladım ki, Rusiya çox istəyirdi Ermənistandan keçəcək kommunikasiyalara məhz Rusiya – FSB nəzarət etsin. Son vaxtlara qədər Əliyev də məhz buna təkid edirdi.

Azərbaycanla Ermənistanın sülhə bir az da yaxınlaşması və bunun məhz prezident Trampın vasitəçiliyi ilə Vaşinqtonda baş verməsi, Ermənistandan keçəcək mühüm kommunikasiyalara Rusiya FSB-si əvəzinə ABŞ şirkətlərinin nəzarət etməsinə hazırlıqlar şübhəsiz ki, Rusiyanın Cənubi Qafqazdakı rolunu zəiflədir, Cənubi Qafqaz regionunun aşağı sürətlə, müqavimətlə olsa da, Qərbə yaxınlaşmasından xəbər verir.

Vaşinqtonda baş verənlərdən Rusiya şübhəsiz ki, narazıdır. Lakin Ukrayna ilə apardığı üzücü müharibə səbəbindən hazırda resursları tükənmiş Rusiyanın Cənubi Qafqaz regionuna təsir imkanları da çox azalıb. Ona görə də ümid edirəm ki, Rusiyanın Cənubi Qafqaz regionunda revanş cəhdləri nəticə verməyəcək və Cənubi Qafqaz Rusiyadan uzaqlaşmaqda davam edəcək.

Məlumdur ki, Azərbaycanda regionun ən avtoritar rejimlərindən biri mövcuddur. Azərbaycanda azad mətbuat məhv edilib, vətəndaş cəmiyyəti, müxalifət sərt repressiyalar altındadır. Hazırda Azərbaycanda 375 nəfər siyasi məhbus var. Azərbaycanda seçkilər tam formallığa çevrilib. Xalqın öz hakimiyyətini seçmək və dəyişdirmək imkanı yoxdur. Hazırda isə xalqımız nisbətən ümidlənib ki, Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması, regionumuzun Rusiyanın nüfuz dairəsindən çıxıb Qərbə yaxınlaşması ölkəmizdə demokratikləşmə prosesinin də önünün açılmasına zəmin yaradacaq.

Ukrayna xalqının fədakar müqaviməti Rusiyanın imperiya ambisiyasına zərbə vurduqca dünya da, Cənubi Qafqaz da dəyişir.

Yazı Əli Kərimlinin Facebook sosial şəbəkəsinə istinadən dərc olunub