
Almaniyada ən güclü qeyri-nüvə partlayıcı maddə əldə edilib
Alman kimyaçı öz kəşfi haqqında danışır. Gissen Universitetinin laboratoriyasında ilk dəfə əldə olunan heksaazot (N₆) yeni raket yanacağı kimi istifadə oluna bilər – bu, hazırda istifadə olunan yanacaqlardan həm daha güclü, həm də ekoloji baxımdan daha təmizdir, – deyə orqanik kimya üzrə professor Peter Ştayner n-tv-yə müsahibəsində bildirib. Onun rəhbərliyi altında alimlər qrupu tərəfindən heksaazotun yaradılması barədə Almaniya KİV-i iyul ayında xəbər vermişdi.
Ştaynerin sözlərinə görə, heksaazotun potensial gücü “təxminən trotili iki yarım dəfə üstələyir. Bu da onu ən güclü qeyri-nüvə partlayıcı maddə edir”. Alman alimləri altı azot atomundan ibarət zəncir qurmağı bacarıblar və bu zəncir yalnız çox aşağı temperaturda sabit qalır. Onun parçalanması zamanı böyük miqdarda enerji ayrılır və “ən gözəl tərəfi odur ki, bu zaman karbon qazı deyil, yalnız təmiz hava yaranır”, – deyə Ştayner vurğulayıb.
Əlavə araşdırmalar üçün əlavə maliyyələşmə tələb olunur, “çünki çoxlu mühəndislik aspektləri nəzərə alınmalıdır”, lakin əgər nəticələr uğurlu olsa, “üç-beş il ərzində ilk sınaq raket nümunəsinin yaradılması mümkündür”, – deyə alim əlavə edib. “Təbii ki, N₆ maddəsinin müdafiə məqsədilə müəyyən şəkildə istifadəsi də nəzəri cəhətdən mümkündür”, – Ştaynerin sözlərini n-tv belə sitat gətirir.
azadlıq qəzeti