
Rusiya və Ukrayna arasındakı böyük fərq Rusiyanın bu gecə Ukraynanın dinc yaşayış binalarını bombalaması ilə bir daha üzə çıxdı. Günlər öncə Ukrayna kəşfiyyatı dəqiq hərbi əməliyyatla Rusiya silahlı qüvvələrinin strateji bombardmançı təyyarələrini vurub sıradan çıxarmışdı. Ukraynanın hədəfləri 100 faiz qanuni hərbi hədəflər idi.
Rusiya aldığı bu gözlənilməz və ağır zərbədən sonra bəyan etmişdi ki, həmin əməliyyatın qisasını alacaq. 5 gün ciddi-ciddi hazırlaşandan sonra bu gecə guya Ukraynaya cavab zərbəsi endiriblər. Hər zaman olduğu kimi, yenə də dinc əhalini hədəf alıblar. Bu dəfə əsas hədəf Rusiya sərhəddinə yaxın olan Xarkov şəhəri olub. Rusiya bombaları və raketləri çoxmərtəbəli yaşayış binalarını, dinc əhalini hədəf alıb. Nəticədə təkcə Xarkovda 3 nəfər (biri südəmər uşaq, digəri 14 yaşlı qız uşağı olmaqla) dinc sakin öldürülüb, 20 nəfər dinc sakin isə xəsarətlər alıb.
Ukraynanın digər şəhər və vilayətlərində də Rusiya raket və bombalarının hədəfi dinc yaşayış binaları, qurbanları isə hər yerdə dinc sakinlər olub.
Bu ağır, qeyri-bərabər və qaydasız savaşda Ukrayna xalqına səbr, dözüm və mətanət arzulayıram. Dünyanın hər yerindəki imperiya nökərləri isə utansın!
AXCP sədri Əli Kərimli.