
Səssizliyin qiyməti
Görəsən, “Azercell”ə qarşı qopan ictimai etiraz dalğası təkcə bir tarif artımına olan qəzəbdir, yoxsa illərdir xalqın içində yığılan narazılıqların ifadəsi?
Bu ölkədə qərarlar nadir hallarda xalqın xeyrinə verilir. Əksinə, hər dəyişiklik cibimizə girir, haqqımıza göz dikir, nəfəsimizi daraldır.
Bahalaşma, artan həyat xərcləri, keyfiyyətsiz xidmətlər və yox səviyyəsində sosial təminat – bütün bunlar təsadüfi deyil. Bunlar illərlə yığılan və susqunluqla qarşılanan haqsızlıqların nəticəsidir. Biz təkcə “Azercell”in tarif artımına etiraz etmirik. Bu, içimizdə yığılıb boğazımıza qədər çıxan saysız haqsızlıqların bir damlasıdır.
Seçkilər oğurlanıb, susmuşuq. Evlərimiz sökülüb, susmuşuq. Uşaq pulu verilməyib, yenə susmuşuq. Qiymətlər qalxır, maaşlar dəyərsizləşir, hələ də susuruq…
Bizim susqunluğumuz bu sistemin ən güclü silahına çevrilib. Onlar əmindirlər ki, nə qədər ağır qərarlar versələr də, xalq nə meydanlara çıxacaq, nə siyasi alternativə tutarlı dəstək verməyə cürət edəcək, nə də ciddi təşkilatlanma həyata keçirəcək. Bu əminliklə de üzərimizdə daha sərt təcrübələr aparırlar.
İndi “Azercell” adlı bir şirkət , formal olaraq “özəl” adlandırılan, əslində isə siyasi nəzarət altında olan bir qurum rahatlıqla belə qərarlar verir.
Və təssuf ki, bu, sadəcə rəqəmlər oyunu deyil. Bu, açıq siyasi soyğunçuluqdur. Bu soyğunçuluğun tək səbəbi var. Bizim səssizliyimiz. Susduğumuz üçün cəzalandırılırıq.
Əgər bu gün bir şirkət bu qədər rahat vətəndaşın cibinə girə bilirsə, bu, təkcə “Azercell”in məsuliyyəti deyil. Bu, bütöv bir sistemin xalqı vecinə almamasının növbəti təzahürüdür.
Ya səssizliyimizlə bu sistemin bataqlığında boğulacağıq, ya da susduqlarımızı bir-bir xatırlayıb haqqımızın arxasında duracağıq.
Əks halda, bu gün “Azercell”, sabah qaz, su, nəqliyyat – hər biri cibimizə daha dərin girəcək. Və yenə biz susacağıqsa…
Onda bu soyğunçuluq davam edəcək. Çünki hər dəfə susduqda, bu ədalətsizliyi öz əlimizlə təsdiqləmiş oluruq.
Emil Səlim.