
Göyçayda “Qərbi Azərbaycan İrsi” kitabının 1-ci cildinin təqdimatı keçirilib
11 iyul 2025-ci il tarixdə YAP Göyçay rayon təşkilatının inzibati binasında “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar “ adlı kitabın 1-ci cildinin təqdimatı keçirilib.
Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri düzüblər.
YAP Göyçay rayon təşkilatının inzibati binasının akt zalında davam edən tədbirdə Qərbi Azərbaycan İcmasının idarə heyətinin üzvü, millət vəkili İlham Məmmədov, millət vəkili Məzahir Əfəndiyev, rayonda yaşayan Qərbi Azərbaycandan olan vətəndaşlar, idarə, təşkilat və müəssisə rəhbərləri, ziyalılar, ictimaiyyət nümayəndələri tədbirdə iştirak ediblər.
Rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova tədbiri giriş sözü ilə açıb Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.
Z.Zeynalova qeyd edib ki, möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız Zəfərdən sonra qarşımızda yeni perspektivlər açılıb. Qazandığımız Zəfər işğaldan azad olunan ərazilərə məcburi köçkünlərimizin qayıdışını təmin etməklə yanaşı həm də soydaşlarımızın əzəli Qərbi Azərbaycan torpaqlarına qayıdışının da təməlini qoyub.
Çıxış edən Qərbi Azərbaycan İcmasının idarə heyətinin üzvü, millət vəkili İlham Məmmədov bildirib ki, azərbaycanlıların Qərbi Azərbaycandan kütləvi deportasiyasına hüquqi-siyasi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib. Qeyd edilib ki, Ulu Öndərin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSRİ ərazisindən, tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli Fərmanı böyük elmi-siyasi, tarixi əhəmiyyətə malik sənəddir. Burada haqlı olaraq qeyd edilir ki, keçmiş SSRİ Nazirlər Sovetinin müvafiq qərarlarına əsasən Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olub. Təkcə bu cinayət aktının həyata keçirilməsi nəticəsində 150 mindən çox azərbaycanlı kütləvi şəkildə və zorakılıqla sürgünə məruz qalıb.
Millət vəkili Məzahir Əfəndiyev çıxış edərək bildirib ki, qəbiristanlıqlar bir xalqın keçmişi, inancı və kollektiv yaddaşıdır. Ona görə də qəbiristanlıqları dağıtmaq həmin xalqın izlərini coğrafiyadan silmək cəhdidir. Bu, həm də hər kəsin bildiyi kimi beynəlxalq humanitar hüququn və insan hüquqlarının ciddi şəkildə pozulmasıdır.
Qərbi Azərbaycan İcmasının Göyçay rayonu üzrə nümayəndəsi Fərid Əkbərov, rayonun qabaqcıl tarix müəllimi Firəngiz Məmmədyarova çıxış edərək bildiriblər ki, Qərbi Azərbaycan ərazisi tarix boyu hər zaman Azərbaycan dövlətlərinin ayrılmaz tərkib hissəsi olub və bu ərazidə həmişə azərbaycanlılar yaşayıblar. Çar Rusiyasının işğalından sonra da ərazinin idarəçilik sistemində yerli məmurlar azərbaycanlılar olub. 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında, 9 min km²-lik ərazidə erməni dövlətinin yaradılmasına razılıq verildi. Lakin Sovet hakimiyyəti dövründə Ermənistan SSR-in ərazisi yenə Azərbaycan torpaqları hesabına 29,8 min km²-ə çatdırıldı. Azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti sonrakı dövrlərdə də davam etdirildi.
Daha sonra Qərbi Azərbaycanla bağlı videoçarx nümayiş etdirilib.
Göyçay rayon icra hakimiyyəti