
Necə olur ki, Ukraynadan gətirilən ət daxildəkindən 6-7 manat ucuz satılır ?
Xammal ixracı üzərində qurulmuş primitiv iqtisadi modellə hara qədər?
Son 4 ayda Azərbaycana xaricdən idxal ötən ilin eyni dövrü ilə müqayisədə 48.8 faiz artaraq 8 milyard 132.9 milyon dollar olub.
İxracat isə 8 milyard 784, 1 milyon dollar olub.
İxracatın strukturuna baxdıqda bu gün ölkə iqtisadiyyatının düşdüyü acınacaqlı durumu aydın şəkildə görmək olar. Bu ilin 4 ayı ərzində gerçəkləşən 8 milyard 784, 1 milyon dollarlıq ixracatın 7 milyard 699 milyon 613 min dolları neft, təbii qaz və neft məhsullarından ibarətdir. Bu da o deməkdir ki, müddətdə qeyri-neft-qaz məhsulları üzrə ölkəmiz vur tut 1 milyard 84 milyon 487 min dollar
dəyərində məhsul ixrac edib. Onların da tam əksəriyyəti yenə xammaldır.
Ötən on illər ərzində daxili istehsalın qurulmaması və real iqtisadiyyatın yaradılmaması, olkəni getdikcə idxalatdan daha çox asılı hala salır. Bunu nəticəsidir ki, İdxal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 48, 8%- artıb. Təsəvvür edin ki, Azərbaycan bu ilin 4 ayında 42.21 mln. dollar dəyərində 53,3 min ton Aİ-92 markalı benzin idxal edib. Keçən illə müqayisədə bu 5 dəfə artım deməkdir. Niyə belə olmalıdır? Bu ölkədə yanacaq istehsalı niyə ötən illə müqayisədə 17% aşağı düsməlidir, bunun ki, istehsal bazası var. Cavab vermək mümkün deyil.
Azərbaycan bu ilin 4 ayında 11. 889 ton, 24, 824 milyon ABŞ dolları dəyərində ət idxal edib. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,2 artım deməkdir. Bu həm də, onu göstərir ki, ölkə daxilində heyvandarlıqda azalma baş verdiyini göstərir və nəticədə, yaranan kəsir idxal hesabına təmin edilir. Yüksək texnologiyalar və sənaye sahələri bir tərəfə, belə çıxır ki, adi heyvandarlığı belə inkişaf etdirmək mümkün olmur. Bunun nəticəsidir ki, 2025- ci ilin ilk dörd ayında ölkəyə idxal olunan kərə yağı dəyər baxımından 59,8% artaraq 65 milyon 474 min ABŞ dolları olub. Həcm baxımdan isə bu artım 17,5%-dir.
Yəqin sizlər də müxtəlif yerlərdə Ukraynadan idxal olunan ət satışlarına rast gəlmisiniz. Hazırda müharibə gedən Ukraynadan Azərbaycana idxal olunan sümüksüz ətin kiloqramı bazarda 11-12 manata təklif olunur. Təsəvvür edin, gömrük, daşınma xərclərini və idxalçı şirkətin qazancını da çıxdıqdan sonra, Ukrayna əti yenə də yerli sümüksüz ətdən 6-7 manat ucuz satılır. Hökumətdə kimsə çıxıb buna bir izahat verə bilərmi ki, necə bu ölkənin iqtisadiyyatının başına bu cür daş sala bilirlər.
Ayrı -ayrı məhsullar üzrə bu siyahını uzatmaq da olar. Ancaq dəhşətli olan odur ki, neft istehsalı və gəlirlərinin getdikcə aşağı düşdüyü bir zamanda, hökumət ölkə iqtisadiyyatının inkişafı ilə bağlı heç bir real addım atmır. Azərbaycan hakimiyyəti bu gün nəinki beynəlxalq iqtisadi proseslərdən baş verən dəyişikliklərdən nəticə çıxarmır, hətta adi elementar iqtisadi tələblərə məhəl qoymadan xammal ixracı üzərində qurulmuş primitiv iqtisadi modeli belə korrupsiya mexanizmi vasitəsilə ilə istismar etməklə məşğuldur.
Fuad Qəhrəmanlı.