Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan “Gənc xilasedici” Beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyinə yekun vurulub
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qəbələ rayonunda təşkil olunan XI Beynəlxalq “Gənc xilasedici” yarışının və XII Ümumrespublika “Gənc xilasedici və yanğınsöndürən” birinciliyinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Mükafatlandırma mərasimində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, Gənclər və İdman Nazirliyinin məsul əməkdaşları, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, rayon hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, Vətən müharibəsi şəhidlərinin övladları və ailə üzvləri iştirak ediblər. Builki yarışlarda Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan, Rusiya və Belarusdan olan komandalar da iştirak edib. Yarışlar yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilər arasında sağlam həyat tərzinin, fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və milli-vətənpərvərlik ruhunun aşılanması, müxtəlif ölkələrin gənc xilasediciləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin formalaşdırılması məqsədilə təşkil edilib. Dövlət Himninin səsləndirilməsi ilə başlanan rəsmi hissədə yarışlar haqqında videoçarx nümayiş etdirilib, məktəblilər tərəfindən milli vətənpərvərlik və ölkələr arasında dosluğu tərənnüm edən mahnı və rəqslərdən ibarət bədii hissə təqdim edilib. Sonda qaliblərə kubok, diplom, fəxri fərman və qiymətli hədiyyələr, digər iştirakçılara isə fəxri fərman və xatirə hədiyyələri təqdim olunub. Qeyd edək ki, komandalar yarışlarda “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Divar qəzeti” mərhələlərində güclərini sınayıblar. Beynəlxalq yarışda birinci yerə Azərbaycan, ikinci yerə Qazaxıstan, üçüncü yerə Belarus komandası, Ümumrespublika birinciliyində isə birinci yerə Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbi, ikinci yerə Quba rayonu Qaraçay qəsəbə tam orta məktəbi, üçüncü yerə isə Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbi layiq görülüb.

Qəbələ rayon icra hakimiyyəti