
Müəllimlərin sertifikasiya imtahanı fəlakəti
“2025-ci il müəllimlərin sertifikasiya imtahanının təşkili ilə bağlı ortaya çıxan faktlar, sadəcə səhlənkarlıq deyil – bu, düşünülmüş və sistematik pozuntularla müşayiət olunan, etibarı və obyektivliyi yerlə bir edən bir fəlakətdir”.
Bunu təhsil eksperti Kamran Əsədov sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.
Onun sözlərinə görə, imtahan zalları əvvəlcədən rezerv olunmuş yerlərlə doldurulub, konkret adamlara yer saxlanılıb, digərlərinə isə orada oturmağa icazə verilmir:
“Bu açıq-aşkar saxtakarlığa hazırlıqdır. Əgər bir imtahan zalında oturacaq yerlər belə əvvəlcədən bölüşdürülübsə, bu artıq imtahan yox, səhnələşdirilmiş teatr tamaşasıdır. Bundan da biabırçısı – imtahan zamanı kompüterlərin “təsadüfən” sönməsi, donması və guya texniki problemlərlə nəticənin gecikdirilməsidir. Bu hallar tək-tük deyil, kütləvidir və məqsədli şəkildə aparıldığı açıq görünür. Texniki problem adı altında bəzi namizədlərə əlavə vaxt verilir, bəzilərinin isə diqqəti pozulur, nəticələrə ciddi təsir göstərilir”.
Azadlıq qəzeti